Bərdə rayonunda 1995-ci il təvəllüdlü Loğman Hüseynli həmyerlisi, 1991-ci il təvəllüdlü Nicat Tağıyevi ehtiyatsızlıqdan öldürüb.
Asayis.Az-ın məlumatına görə, Loğman 21 oktyabr 2022-ci ildə özünə məxsus “QAZ” markalı avtomobillə Bərdə rayonunun Alpoud kəndində yerləşən “mal bazarı” adlanan yerdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub. O, Məhdud Məsuliyyətli Cəmiyyətdə qeyri-rəsmi nəzarətçi işləyən Nicatı idarə etdiyi avtomobillə vurub.
Nicat hadisə nəticəsində həyat və sağlamlığı üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid xəsarətlər alıb. Nicatın avtoqəza nəticəsində xəsarət alıb yerə yıxıldığını görüb və avtomobili dərhal saxlayaraq avtomobildə olan sərnişinlər Hökmran Məhərrəmov, Rafil Məhərrəmov və Fuad Mahmudovla və digərləri ilə köməklik edərək onu saat 11.30-da Bərdə Müalicə və Diaqnostika Mərkəzinə çatdırıblar.
Lakin Nicat Tağıyevə tibbi yardımlar edilməsinə baxmayaraq, döş qəfəsinin küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə səbəbindən həmin tarixdə saat 13 radələrində həmin mərkəzdə ölüb.
İstintaq orqanı tərəfindən Loğmanın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Loğman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Bərdə rayonunun Xəsili kəndində ailə üzvləri ilə birlikdə yaşayır:
“Özümə məxsus "Qazel" markalı avtomobil ilə kənd camaatının yükünü, əsasən xırda və iri buynuzlu heyvanlarını daşıyaraq ailəmin maddi ehtiyyaclarını təmin edirəm. 21 oktyabr 2022-ci ildə özümün bir baş, dayım Fuad Mahmudovun iki baş, həmkəndlimiz Rafil Məhərrəmovun iki baş və Hökmran Məhərrəmovun iki baş iri buynuzlu heyvanını satmaq üçün onlarla birlikdə idarə etdiyim avtomobil ilə gecə saat 1 radələrində Bərdə rayonunun Alpoud kəndində yerləşən “mal bazarı” kimi tanınan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsinə getdik. Həmin gün apardığımız mallardan sata bilmədik. Təxminən saat 12 radələrində dayım Fuad, Hökmran və Rafil ilə birlikdə avtomobillə bazardan çıxaraq evə getmək üçün bazarı tərk edən zaman, mal bazarında Ağcabədi yolunun üzərində olan birinci çıxışdan, “qoyun qapısı” adlanan çıxışından çıxarkən qapıda bazarın ödəniş pulu yığılan yerə çatdıq. Adı sonradan mənə məlum olan Nicat yaxınlaşaraq avtomobildə olan heyvanları saydıqdan sonra məndən 14 manat istədi. Nicata mal sata bilmədiyimi, bu səbəbdən üzərimdə cəmi 10 manat olduğunu dedim. Heyvanlardan birinin buzov olduğunu, buzova görə bazarda heç vaxt pul alınmadığını dedikdən sonra yanımda olan Hökmran cibində olan 2 manatı da çıxararaq mənə verdi. Mən də Hökmrandan aldığım 2 manatı özümdə olan 10 manatın üzərinə qoyaraq, ümumilikdə 12 manat pulu Nicat Tağıyevə verdim. Nicat Tağıyev 12 manat pulu götürərək sayıb cibinə qoydu. Ödənişə görə hər hansı etirazı olmadı. Hətta həmin vaxt yolu kəsmiş “VAZ 2106” markalı maşının bizə yol verməsi üçün köməklik göstərib yolu açdı. Biz onların yanından bazara tərəf geri qayıtdıq”.
Loğmanın sözlərinə görə, bazarın çıxışında avtomobillər çox olduğu üçün tıxac yaranıb, buna görə də məcburi olaraq avtomobili yavaş-yavaş hərəkət etdirməyə başlayıb: “Bazarın çıxışından təxminən 5-6 metr hərəkət etdikdən sonra avtomobilin qarşısında "Mercedes" markalı yük avtomobili dayandı. Buna görə də idarə etdiyim avtomobili saxladım. İdarə etdiyim avtomobil dayandıqdan sonra arxadan "Vaz 2106" markalı avtomobil mənim avtomobilimin arxasında saxladı. Həmin avtomobil saxladıqdan sonra idarə etdiyim avtomobili hərəkət etdirə bilmədiyimə görə Nicat Tağıyev ilə həmin vaxt bazara heyvan satmağa getmiş dayım oğlu Rauf Mahmudlu arxada dayanan "Vaz 2106" markalı avtomobilin sürücüsündən xahiş etdilər ki, həmin avtomobili geriyə sürsün. "Vaz 2106" markalı avtomobilin sürücüsü geri sürdükdən sonra avtomobili hərəkət etdirərək bazarın çıxışından təxminən 70-80 metr uzaqlaşdıqdan sonra qəflətən Nicat Tağıyev idarə etdiyim avtomobilin sürücü olan hissəsindən, yəni sağ əli ilə avtomobilin sol tərəfində olan yarıaçıq yan şüşə-pəncərəsindən və ya sol yan güzgüsündən tutmaq istəyən zaman yerə, yəni avtomobilin alt tərəfinə yıxıldı. Elə bu an avtomobilin sol arxa təkərinin yuxarıya qalxaraq düşməsini hiss etdim. Avtomobilin arxa təkəri yuxarı qalxıb düşdükdən sonra dərhal avtomobili saxladım. Avtomobil dayandıqdan sonra düşərək Nicat Tağıyevin yanına getdim. Nicata yaxınlaşan zaman o avtomobilə çəp formada, arxası üstə uzanıqlı formada qalmışdı, sol ayağı yarıqatlanmış formada olmuşdu. Əlim ilə başıma vurdum, ağlayaraq ətrafdakı insanları köməyə çağırdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt dayısı Fuad təcili yardıma zəng edərək hadisə barədə məlumat verib, təcili yardım avtomobili gəlməsini istəyib: “Təxminən 15-20 dəqiqə sonra təcili yardım avtomobili gələrək hadisə yerində Nicat Tağıyevə ilkin tibbi yardım göstərdi. Daha sonra Nicatı xəstəxanaya aparıldı. Bu hadisə anidən baş verib. Nicatın mənə məlum olmayan səbəbdən avtomobili saxlatmaq istəyi, bir neçə saniyə ərzində onun avtomobilin altına düşərək vəfat etməsi ilə nəticələnib. İsrarla bildirəm ki, Nicatla aramda heç bir mübahisə, narazılıq olmayıb. Nicat məndən 12 manat pul aldıqdan sonra hətta yolda yaranmış tıxac zamanı “Vaz 2106” markalı avtomobilin onun yolundan çəkilməsi üçün köməklik etdi. Bundan sonra hadisə yerindən uzaqlaşıb bazar idarəçilərinin olduğu yerə tərəf getdi. Ehtimal etmək olar ki, Nicat bizdən alınan pulun 14 deyil, 12 manat olması, yəni satmağa gətirdikləri heyvanların birinin buzov olması barədə özündən daha səlahiyyətli şəxsə məlumat verib. Sonuncu ona əlavə 2 manatın da alınması barədə göstəriş verib. Nicat da avtomobillə bazardan çıxmamış özünü bizə çatdırmaq istəyib. Bu məqsədlə avtomobilin hər hansı yerindən tutub maşını bu yolla saxlatmağa çalışıb. Nəzərə alınmalıdır ki, Nicat bazarda işə götürülməmiş, sınaq müddəti ilə sözügedən vəzifə ona həvalə edilmişdi. Yəni sonuncu bu işdə təcrübəsiz olmaqla, müdiriyyətin tapşırıqlarını öz həyatını riskə ataraq icra etməyə çalışıb. Nəticədə məlum bədbəxt hadisə baş verib. Mənim Nicatın ölümündə zərrə qədər olsa belə günahım yoxdur”.
İş üzrə zərərçəkmiş Nicat Tağıyevin hüquqi varisi qismində dindirilən qardaşının sözlərinə görə, 21 oktyabr 2022-ci ildə, saat 12 radələrində atası Paşa Tağıyevi işlədiyi 16 saylı Regional Xəzinədarlıq İdarəsindən günorta yeməyinə evə aparmaq üçün atasının iş yerinin qarşısında olarkən əmisi Tahir zəng zəng edib və qardaşı Nicatın “Qaz” markalı avtomobillə vurulmasını nəticəsində xəsarət almasını, Bərdə rayon mərkəzi xəstəxanasında olmasını deyib: “Atam ilə birlikdə Bərdə rayon mərkəzi xəstəxanasına getdik. Həmin xəstəxanaya çatdıqda, oranın əməkdaşları Nicatın təcili yardım maşını ilə Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparıldığını dedilər. Həmin mərkəzə gedən zaman qardaşımın vəfat etməsini bildik”.
Hüquqi varis qeyd edib ki, məlum hadisəni görməyib: “Lakin adlarını dəqiq bilmədiyim şəxslərdən aldığım məlumata görə qardaşım Nicatın bazarın çıxış qapısında qapıda durduğunu, bazarın çıxış qapısından Loğmanın idarə etdiyi avtomobil ilə çıxan zaman qardaşının ondan bazarın yer pulunu tələb etdiyinə görə aralarında mübahisə olduğunu, Loğman pul verməkdən imtina edərək nalayiq ifadələr işlədərək qardaşımı təhqir etməsini, bundan sonra qardaşım avtomobilin ön hissəsinə keçərək əlini kapotun üzərinə qoyan zaman Loğman idarə etdiyi avtomobil ilə qəsdən qardaşımın üzərinə sürərək vurub yerə yıxdıqdan sonra üzərindən keçməsini bildiriblər”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə belə nəticəyə gəlib ki, Loğman Hüseynli Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törədib.
Məhkəmə vurğulayıb ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham irəli sürməkdə haqlı olmayıb. Hökmdə göstərilib ki, ibtidai istintaq orqanı baş vermiş hüquqazidd əməlin təqsirin qəsd formasında törədilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməyib.
Hökmdə deyilir ki, ittihamın əsaslandığı sübutlar əsasən biri-birini, hətta özü-özünü təkzib edən şahid ifadələrinə əsaslanıb, ibtidai istintaq özü də sanki baş vermiş hadisəyə hüquqi qiymət verməkdə “dalana dirənib”.
Belə ki, istintaq orqanı təqsirləndirilən şəxsin əməlini gah Cinayət Məcəlləsinin 263.2-ci, gah 120.1-ci (qəsdən adam öldürmə), sonda da 126.3-cü maddəsinə tövsif edib. Cinayət işinin materiallarını biri-birini təkzib edən sübutlarla məhkəməyə göndərib.
Məhkəmə yekun hökm qəbul edən zaman Loğman Hüseynlinin əməlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə tövsif edilib. Ona həmin maddə üzrə ittiham hökmü çıxarıb. Məhkəmənin hökmü ilə Loğman Hüseynliyə 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Demokrat.az