TV-lərlə bağlı məchul durum - Qərardan aparıcılar xəbərsizdir...

 TV-lərlə bağlı məchul durum - Qərardan aparıcılar xəbərsizdir...

Nurəddin Mehdixanlı: “Televiziyalarda Azərbaycanda ailə institutunun dağılması yolunda bir yarış gedir”

Azərbaycan televiziya kanallarında yayımlanan və cəmiyyətdə mənfi müzakirələrə səbəb olan “Səni axtarıram”, “Elgizlə izlə”, “Yaxşıya doğru”, “Bizimləsən”, “Həmin Zaur”, “Təsir dairəsi” verilişləri ilə bağlı qərar verilib.

Həmin proqramların efir vaxtlarının qısaldılaraq təxminən 30 dəqiqə olması nəzərdə tutulub. Bundan əlavə, verilişlərin formatlarında müəyyən dəyişikliklər də ediləcək (Pravda.az).

Xatırladaq ki, bir neçə gün öncə ATV, "Xəzər", ARB və "Space" televiziyalarının rəhbərlərinin Prezident Administrasiyasına çağırılaraq adıçəkilən verilişlərlə bağlı xəbərdarlıq edildiyi barədə məlumat yayılmışdı. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran bu kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.

Bəs gözlənti nədir? Qərar verildi, bəs sonra?

“Elgizlə izlə” verilişinin aparıcısı Elgiz Əkbər məsələ ilə bağlı bu cür mövqe bildirib: “Hansı verilişi istəmirsinizsə, baxmayın. Biz də görəcəyik baxan yoxdur, bağlayacağıq. Əvvəl bilinmirdi kim hansı verilişə baxır? İndi amma müəyyən şirkətlər, sosial şəbəkələr bunu göstərir. Biz də çalışırıq verilişimiz vasitəsilə bilmədiyiniz nüanslarla tanış olasınız. Hərə bir dərs götürür. Mən də bu verilişdən dərs almışam”.

Bəziləri tərəfindən tənqid olunan və vaxt müddətinin azalacağı deyilən verilişlər sırasında adı çəkilən “Tarixin bir günü” verilişinin aparıcısı Tarix Əliyev (Tolik) isə məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib: “Mənim verilişimi tənqid edən adam nə qədər nüfuzludur və mənim gördüyüm işləri görübmü?

Bir də hər kəsə məlumdur ki, apardığım veriliş sosial veriliş deyil. Əsasən musiqili verilişdir, müğənnilər dəvət olunur. Amma bir çox hallarda şəhid, qazi analarının, fiziki qüsurlu insanların istəklərini həyata keçirməyə çalışırıq. Məsələn, hansısa şəhid və yaxud qazi anası bizə müraciət edir ki, övladım musiqiçidir, onu efirə çağır, səhəri gün biz o şəxsi efirimizə dəvət edirik.

O ki qaldı verilişimin vaxt müddətinin azaldılmasına, xeyr, vaxtı azaldılmayıb. Belə ki, verilişim 12:00-da başlayıb 14:30-da bitir. Təbii ki, əgər rəhbərlik müddətin azaldılması ilə bağlı qərar versə, biz ona riayət edəcəyik.

Hər kəs bilir ki, mən jurnalistikanı bitirməmişəm, amma bir çox aparıcılardan fərqli olaraq, istər dövlətimiz, istərsə də ölkəmizdə baş verən siyasi, sosial və digər sahələrlə bağlı danışa biləcək adamam. Çünki gündəlik olaraq prosesləri izləyir, hər şeylə maraqlanıram.

Mən də sevindim ki, Prezident Administrasiyası qadağa qoydu

Bu gün bəzi müğənnilər, hansılar ki, onun-bunun ərlərini “oğurlayırlar”, çıxıb efirə başqalarına ailə dəyərlərindən danışırlar. Şəxsən mən efirdə ailə dəyərlərindən danışa bilmərəm, çünki ailəli olmamışam. Daha doğrusu, ailəli olmuşam, amma çox qısa bir müddətdə. Amma ata-anaya, bacı-qardaşa, ağsaqqala qarşı olan hörmətdən, sevgidən danışa bilərəm, çünki bunları yaşamışam.

“Bugünlərdə verilişinizlə bağlı televiziya rəhbərliyindən hansısa xəbərdarlıq və yaxud irad bildirilibmi?” sualımıza isə Tarix Əliyev bu cür cavab verdi: “Xeyr, olmayıb. Ümumiyyətlə, hər həftənin bazar ertəsi kanalın direktoru və bədii rəhbəri iclas keçirir, bizə bildirilir ki, efirdə nədən danışa bilərik, nədən danışmamalıyıq. Məsələn, müğənnilərin şəxsi həyatından, kimin "həcisi" onu hara istirahətə göndərdi və sairə kimi insanları qıcıqlandıracaq, qeyri-etik mövzuların gündəmə gətirilməməsi tövsiyə olunur".

Qeyd edək ki, son vaxtlar tanınmış ictimai xadimlər, ziyalılar da efirlərdə yayımlanan, xüsusən gündəlik 3-5 saat davam edən bir sıra verilişlərdə insanların şəxsiyyətinin alçaldılması, efirdə təhqir və ədəbsiz ifadələr işlədilməsi, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcı və ekspertlərin cəmiyyətə sırınması ilə bağlı narazılıqlarını bildirirlər.


Nurəddin Mehdixanlı

Xalq artisti Nurəddin Mehdixanlı bu barədə qeyd edib: “Bir-iki telekanalı çıxmaq şərtilə, hər gün televiziyalarda Azərbaycanda ailə institutunun dağılması yolunda bir yarış gedir. Telekanallarımızın əksəriyyətində verilişlər var, orada Azərbaycan kişisi axmaq, gəzəyən kimi təqdim olunur, qadın isə həyasız kimi göstərilir. Qadınlar saçyolduya çıxırlar, boşanıb-evlənirlər... Hər gün bu şeylər efirdə nümayiş olunur. Hər gün əgər bir Azərbaycan gənci bunları görürsə, o zaman o, böyüyə necə hörmət edəcək? Əgər mənim böyüyüm və ağsaqqalım, ağbirçəyim budursa...”


Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədov da hesab edir ki, adıçəkilən verilişlərdə ailə dəyərləri gözdən salınır, Azərbaycan kişisi və qadını izləyicilərin qarşısında alçaldılır: “Dünyanın heç bir ölkəsində şou tipli proqramlarda belə hallar müşahidə edilmir. Bu gün Azərbaycanın bir sıra televiziya kanallarında yayımlanan verilişlər xalqımızın milli-mənəvi dəyərlərinin məhvinə xidmət edir. Azərbaycan kişisini və ya qadınını ekran qarşısında alçaltmaq nəyə xidmət edir? Ola bilər ki, onlar həyatlarının hansısa mərhələsində səhvə yol veriblər. Biz onu mütləq ictimailəşdirib müzakirə obyektinə çevirməli deyilik. Bu gün televiziya kanallarında elmi verilişlərə yer verilmir. Ümumiyyətlə, bəzi istisnaları çıxmaqla, televiziyalarımız öz proqramlarında ziyalılara da yer vermir. Bu gün Azərbaycan televiziyalarında həm də ziyalı sözünə ehtiyac var. Televiziyalara bununla bağlı sual verəndə deyirlər ki, biz reklam gətirən verilişlərə yer veririk. Reklamlardan əldə edilən gəlirə görə dəyərlərimiz məhv edilməlidir? Hesab edirəm ki, hər bir yaxşı məhsulun alıcısı olduğu kimi, yaxşı verilişlərin də baxıcısı mütləq olacaq. Kütlə televiziyaları deyil, televiziyalar kütləni idarə etməlidir. Dünyanın hər yerində belədir. Biz tamaşaçıya nə versək, onu da alacağıq. Bu barədə ciddi düşünməliyik”.


Qulu Məhərrəmli 

Teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirib ki, əksər hallarda televiziya rəhbərləri bu cür verilişlərin yayımlanmasına şərait yaradır: “Mən belə hesab edirəm ki, yaradıcılıq məsələləri heç bir halda administrativ, inzibati yolla həll olunmur.

Bir çox hallarda televiziya rəhbərlərinin özləri telekanallardakı vəziyyəti hər kəsdən yaxşı bilirlər. Doğrudur, onların arqumenti ondan ibarətdir ki, “televiziya yaşamalıdır, reklam almalıdır, onun nəticəsi kimim maddi cəhətdən özünü təmin etməlidir”, amma dəfələrlə bu mövzu həm parlamentdə qaldırılıb, həm də cəmiyyətdə müzakirə olunub ki, bu cür şou  proqramların səviyyəsi artırılsın, düşük, bayağı, bayağı, insanların şəxsi taleyinə müdaxilə yol verilməməlidir. Təəssüflər olsun ki, bütün bunların deyilməsinə baxmayaraq, yenə də adları çəkilən məlum telekanallarda bu cür verilişlər davam edir. Bu bir dalğaya bənzəyir - müəyyən bir pauza yaranır, o cür verilişlər yığışdırılır,  amma bəlli zaman keçəndən sonra yenidən ekranlarda qasırğa başlayır. Ona görə də düşünürəm ki, bütün bunların hamısı telekanalların özünün siyasətinin nəticəsidir.

İctimai rəy mütləq nəzərə alınmalıdır. Vaxtilə bizim maraqlı şou-proqramlarımız, aparıcılarımız olub. Onlar kifayət qədər proqramları maraqlı edən dramaturji gedişlər, mövzular tapıblar. Əlbəttə ki, insanları bir-birinə vuruşduran, etikaya  uyğun olmayan situasiyalar yaratmaq, sensasiyalı vəziyyətləri həddən artıq şişirtmək, ailələr, cəmiyyət üçün xarakterik olmayan nüansları ümumiləşdirməyə çalışmaq, insanları alçaltmaq, aşağılamaq, onların heysiyyətinə toxunmaq kimi nüanslar tamaşaçıları qıcıqlandırır.

Bəs necə olmalıdır, bunun qarşısı alınacaq, ya yox? Hesab edirəm ki, hər şey məqsəddən asılıdır. Əgər televiziya rəhbərləri istəsələr ki, bu cür hallar olmasın, o zaman bu halların qarşısı alınacaq. Eləcə də Audiovizual Şura  qanunauyğun olaraq, etik sərhədlərin qorunması ilə bağlı təpkilər versə, düşünürəm ki, bu, ciddi nəticələrə gətirib çıxaracaq.

Daha önəmli olan - şou-proqramların gətirdiyi maliyyəni, maddi vəsaiti kompensasiya etmək haqqında düşünməliyik. Məsələn, bizdə maarifləndirici proqramlar demək olar ki, yoxdur, hamı şounun üzərinə qaçır. Səviyyəli şou, maarifləndirici  proqramları reallaşdırmaq üçün televiziyalara bəlli bir miqdarda kompensasiya verilməlidir ki, onlar ən aşağısı əmək haqqını, özünü yaşatmaq üçün  lazım olan vəsaiti təmin edə bilsinlər. Çünki hər şey gedib maddiyyata bağlanır. Beləliklə, hesab edirəm ki, özəl televiziyalara müəyyən bir kompensasiya verilsə, bu halların qarşısı alınar. Yəni məsələn, müəyyən qədər kompensasiya verilir və deyilir ki, “siz də bunun qarşılığında keyfiyyətli şou-proqramlar hazırlayın, bunun üzərində ciddi işləyin, lisenziyalaşdırılmış  proqramlar alın və onu burada tətbiq edin”.

Beləliklə, yanaşmanı sağlamlaşdırmaq, onun üzərində siyasət qurmaq, insan şəxsiyyətini alçaltmayan proqramlar üzərində düşünmək lazımdır.  Bəzi aparıcılar həqiqətən də ciddi mənəvi aşınmaya məruz qalıb. Onları dəyişmək lazımdır".

18:00 - 17 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin