Azərbaycanda avtomobil istehsalı artıb. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 574 minik avtomobili, 149 yük avtomobili istehsal edilib. Belə ki ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 25,9%, yük avtomobili istehsalı isə 33% artıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, yerli minik avtomobillərinə tələbat var. O, Demokrat.az-a açıqlamasında deyib ki, istehsal olunan bütün avtomobillər satılır:
“Qiymət baxımından avtomobilin əlçatanlığı da əsas rol oynayır. Həmçinin, bu avtomobillərin sayı elə də çox deyil, amma yenə də yerli avtomobillərə marağın artması sevindirici haldır. Hətta bir müddət öncə Azərbaycan istehsalı minik avtomobilləri Rusiya bazarına çıxarılması üçün orada keçirilən avtoşoularda nümayiş etdirilmişdi və marağa səbəb olmuşdu”.
Ekspertin fikrincə, istehsal az olsa da gələcək üçün bir təkandır:
“2025-ci ildə ölkədə yeni avtomobil zavodu inşa olunacaq. Qarşıdakı 10 il müddətdə ilkin mərhələdə ildə 10 min, daha sonra 30 minə qədər minik avtomobilinin istehsalı nəzərdə tutulub. İldə 30 min minik avtomobili istehsal olunsa, xarici bazardan asılılığı azaltmış olarıq. Bu gün Azərbaycanda ildə 60 min minik avtomobilinə tələbat olur. Bunun 30-40 faizi yerli istehsal hesabına ödənilsə, iqtisadiyyata müsbət təsirləri olar”.