AQTA heyvanların taun xəstəliyi ilə bağlı monitorinq aparır - FOTO

 AQTA heyvanların taun xəstəliyi ilə bağlı monitorinq aparır - FOTO


 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinin yayılması ilə bağlı sərhədyanı rayonlarda monitorinq keçirir.

Bu barədə Asayis.az-a agentlikdən məlumat verilib.

Bildirilib ki, monitorinqlər Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux rayonlarının ərazilərində aparılır.

Martın 13-dən 29-dək keçiriləcək monitorinq zamanı həmin 7 rayona aid təsadüfi seçim üsulu ilə təyin edilmiş 65 yaşayış məntəqəsində mövcud olan 195 fərdi və ya fermer təsərrüfatında 6-12 aylıq xırdabuynuzlu heyvanlardan 845 diaqnostik nümunə götürüləcək.

Eyni zamanda, ev heyvanları ilə yanaşı, rayonlardakı təbiət ərazilərində vəhşi heyvanlar arasında klinik müşahidələr aparılacaq və epizootoloji məlumatlar toplanaraq müvafiq hesabatlar tərtib ediləcək. Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və Göygöl Regional Sınaq Laboratoriyasına təqdim olunacaq.

Monitorinqdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin mütəxəssisləri də iştirak edəcəklər.

11:30 - 14 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin