Oruc tutanlar necə qidalanmalıdırlar?

 Oruc tutanlar necə qidalanmalıdırlar?

Azərbaycanda Ramazan ayı başlayıb. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) martın 11-də fətva verib. Bildirilib ki, İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz: “Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır ki, sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için, sonra gecəyə qədər orucunuzu tamamlayın”.

Ramazan ayı boyunca oruc tutan insanlar üçün qidalanma önəmlidir. Qida mütəxəssisi Asim Vəliyev deyib ki, Ramazan çox yemək ayı deyil. Ekspert müqəddəs ay boyunca düzgün qida rasionu haqqında məlumat verib:

“Ağ çörək, mürəbbə, paxlava və digər şirniyyatlar, şirin çay, çəltiyi olmayan ağ düyü, kartof qızartması kimi məhsullar sağlam qida deyil və oruc tutan insanı çox tez acdırır. Qatqısız tam taxıldan hazırlanmış çörəklər rasionda yer almalıdır. Çay, mineral su, meyvə suyu, qazlı içkilər, kola kimi içkilər də orqanizmin su ehtiyacını ödəmir. Buna görə də iftar və sahur arasında ən az 2,5 litr su içmək lazımdır”.

A.Vəliyevin sözlərinə görə kolbasa, sosiska, hazır şorba kimi məhsullar tərkibində “çin duzu” adlanan MSG olduğuna görə asılılıq yaradır, həmçinin susuzluğu artırır: 

“Şəkər, dadlandırıcı və bunları ehtiva edən qidalar aclığı və susuzluğu artırır. Xüsusilə Ramazanda qazlı içkilər, hazır meyvə suları, kola və dondurma istehlak edilməməlidir. Bunların yerinə bəhməzlə hazırlanmış kompot və şərbət içmək olar. Az yemək deyil, əksinə, çox yemək çox acdırır. Gecə yatarkən nəsə yeyib yatmaq əvəzinə sahura qalxmaq lazımdır. Bol lifli meyvə və tərəvəz yeyilməlidir. Mədə ac olanda fasiləsiz yemək yemək həzm sistemində ciddi fəsadlar meydana gətirir. Üstündən nə qədər çox mineral su içilsə də faydası olmur. Yeməyin miqdarına diqqət edilməlidir. Axşam namazından sonra da 25-30 dəqiqə müddətdə az-az yeyilməlidir. Bəziləri iftarı bir qurtum su ilə açıb dərhal arxasınca siqaret çəkirlər, bu, sağlamlıq baxımından ciddi fəsadlar yarada bilər. Namazdan sonra iftara şorba ilə başlamaq lazımdır. Çay yeməkdən ən az bir saat sonra içilməlidir”.
 

10:15 - 14 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin