Bu şəxslərə vacib XƏBƏRDARLIQ - Evsiz qala bilərsiniz

 Bu şəxslərə vacib XƏBƏRDARLIQ - Evsiz qala bilərsiniz

Paytaxt Bakıda və Abşeron rayonunda olan evlərin əksər hissəsində əmlakların çıxarışsız olması problemi hələ də aktualdır. Vətəndaşlar ev alarkən onlara təqdim olunan daşınmaz əmlakların bir çoxu sərəncam, bələdiyyə sənədli və digər növ statusda olur. Çıxarışsız evlərlə bağlı isə gələcəkdə vətəndaşlar üçün bir sıra problemlər meydana çıxa bilər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Turan Abdullazadə bildirib ki, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan əmlakın alqı-satqısı hər zaman risk daşıyır: 

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Qanuvericiliyin tələbindən  görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan əmlakın alqı-satqısı hər zaman risk daşıyır. Yəni,  yalnız daşınmaz əmlakın dövlət reyestrində rəsmi olaraq qeydə alınmış əmlaklar dövlət orqanları tərəfindən rəsmi olaraq tanınır. Lakin bu o demək deyil ki, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə, dövlət aktı, qeydiyyat vəsiqəsi, order, bələdiyyə qərarı, icra hakimiyyətinin sərəncamı, bağçılıq-üzvlük kitabçası rəsmi sənəd sayılmır.  Onlar da rəsmi sənəddir. Onlar da daşınmaz əmlak üzərində hüquqları təsdiq edir. Problem ondadır ki, həmin sənədlərin bir çoxu sovet dövründə verilmiş “kök” sənədlərdir. Həmin sənədlər təhvil verilərək yeni sənəd olan çıxarış alınmalıdır. Yalnız çıxarış alındıqdan sonra notariusda rəsmi alqı-satqı mümkündür”. 

Hüquqşünas qeyd edib ki, vətəndaşlar etibarnamənin mülkiyyət sənədi olmadığını bilməlidir:

“Notarius köhnə sənədlər əsasında alqı-satqıdan imtina etdiyi üçün bir çox hallarda vətəndaşlar köhnə sənədlər əsasında yeni sənədlər almağa vaxt sərf etmək və yeni sənədlərə görə dövlət rüsumu ödəmək istəmirlər. Məhz bu səbəbdən qeyri-rəsmi alqı-satqı edirlər. Bu da gələcəkdə ciddi problemlərə səbəb olur. Hətta bəzən etibarnamə əsasında alqı-satqı edirlər. Vətəndaşlar bilməlidir ki, etibarnamə mülkiyyət sənədi deyil. Etibarnamə verən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər. Etibarnamə əsasında aldığınız torpağı öz adınıza keçirə bilməzsiniz. Etibarnamə əsasında aldığınız torpağın satmaq qərarına gəlsəniz, satışdan əldə olunan məbləği sizə etibarnamə verən şəxsə verməlisiniz. Vətəndaşlara məsləhətim odur ki, çıxarışı olmayan heç bir əmlakı etibarnamə və ya qeyri-rəsmi formalarda almasınlar.Bundan başqa torpaq alarkən fikir versinlər ki, çıxarışda torpağın təyinatı nədir. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqda fərdi yaşayış evi tikmək qanunsuzdur və buna icazə verilmir. Bəzən daha ucuz satıldığı üçün vətəndaşlar şirniklənərək belə torpağı alır və sonradan peşmançılıq keçirirlər. Diqqətli olmaq və aldanmamaq lazımdır”. 

14:30 - 13 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin