14 yanvar ortaq tariximizin ən önəmli və dönüş nöqtəsi olan günlərindən biridir. Bu gün bir çox ağır sınaqlardan birlikdə şərəflə çıxmış dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının üzərindən 30 il keçir.
Bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç deyib. Son 30 ildə qət edilən yola nəzər salan Hulusi Kılıç İkinci Qarabağ müharibəsində əldə olunan zəfərin diplomatiyamızın ən böyük uğuru olduğunu qeyd edib:
“30 il öncə Türkiyə 1918-ci ildə olduğu kimi, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə oldu. Bu, çox böyük əhəmiyyətə malik tarixi hadisədir. Türkiyə bununla kifayətlənməyib və BMT başda olmaqla, bütün digər təşkilatlar, dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması və mövqelərinin güclənməsi üçün əlindən gələni edib. Azərbaycanın işğalda olan torpaqlarının azad olunması üçün aparılan mübarizə və əldə olunan möhtəşəm zəfər 30 illik diplomatik münasibətlər tariximizin ən böyük hadisəsidir. İkinci Qarabağ müharibəsi zamanı da Türkiyə ilk dəqiqələrdən, saatlardan etibarən Azərbaycana lazımi informasiya, siyasi və diplomatik dəstəyini verib. Diplomatik münasibətlərimiz xüsusi mahiyyətə və ruha malikdir. 1993-cü ildə Kəlbəcər işğal olunduqdan sonra Türkiyə Ermənistanla quru sərhədlərini bağladı. Dünyada başqa ölkə üçün öz sərhədini bağlayan dövlətlərə çox nadir hallarda rast gəlinir. Sərhəd hələ də bağlıdır və qapılar yalnız Azərbaycanın razılığı ilə açılacaq. Biz hər zaman “bir millət və iki dövlət” deyirik. Amma kritik anlarda biz həm də bir dövlətik. Hazırda gəldiyimiz mərhələdə onu deyə bilərəm ki, bütün sahələrdə əlaqələrimiz sürətli şəkildə zirvəyə doğru irəliləyir”.
Hulusi Kılıç “Şuşa Bəyannaməsi”nin imzalanması ilə münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb:
“Keçən ilin 15 iyununda Şuşada imzalanan “Şuşa Bəyannaməsi” bizim üçün ən böyük yolgöstərici sənəddir. Əlbəttə, bunun təməlində Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz” və ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri, həm də bizə əcdadımızdan miras qalan ortaq dəyərlərimiz, tariximiz var. Cənab İlham Əliyev çıxışlarının birində “Bir millətin iki diasporu ola bilməz”, cənab Ərdoğan isə “Türkiyə və Azərbaycan tək ürəkdir” sözlərini deməklə, münasibətlərimizin səviyyəsini dosta da, düşmənə də göstərib. Diplomatiya sahəsində də ölkələrimiz hər zaman birlikdə, çiyin-çiyinə olub. Bu gün Azərbaycanın olmadığı yerdə Türkiyə diplomatları, Türkiyənin olmadığı yerdə isə Azərbaycan diplomatları milli maraqlarımızı qoruyurlar. 2014-cü ildə Şərq Tərəfdaşlığının 5 illiyi ilə bağlı keçirilən sammitdə Serj Sərkisyanın Türkiyənin olmamasını fürsət bilərək ölkəmiz haqqında ittihamlarını və cənab İlham Əliyevin ona cavabında “Türkiyə burda yoxdursa, mən burdayam” deməsi hamımızın xatirindədir. Yaxşı yadımdadır, Bakıda səfir olduğumuz vaxtlarda heç bir Qərb ölkəsinin diplomatı yanımızda Azərbaycan haqqında mənfi danışa bilməzdi, buna imkan vermirdik. İndi də bu belədir və mən də özümü iki dövlətin bir səfiri kimi hiss edirəm.
14 yanvar tarixi hamımız üçün bayramdır. Bir daha demək istəyirəm ki, digər türk dövlətləri də bizim qardaşımızdır, amma Azərbaycanla Türkiyə əkiz qardaşdır. Bu gün həm də böyük bayramdır. İnsanlıq var olduqca şanlı bayraqlarımızın digər qardaş ölkələrimizin bayraqları ilə birlikdə göylərdə dalğalanmasını arzu edirəm. Yaşasın qardaşlığımız!” //axar.az