Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Qobuda itlərin hücumuna məruz qalan azyaşlı əməliyyat olunub. Lakin uşağın vəziyyətində hər hansı irəliləyiş yoxdur. Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib ki, it dişləməsi səbəbi ilə zərərçəkən doqquz yaşlı (kişi cinsli) azyaşlının müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qalmaqdadır.
Hər dəfə bu cür bədbəxt hadisələr baş verəndə cəmiyyət günahkar axtarışına çıxır – heyvansevərlər itləri müdafiə edir, digərləri isə itlərin güllələnməsini, öldürülməsini tələb edir. Bəs, sahibsiz heyvanlara görə hansı qurum məsuliyyət daşıyır?
Asayis.Az xəbər verir ki, hüquqşünas Rəhim Xoyski “İTV”də yayımlanan “Sabaha saxlamayaq” verilişində bu məqama aydınlıq gətirib:
“Birinci baxmalıyıq ki, hadisə hansı rayonun inzibati ərazisində baş verib. Qanunvericiliyə görə sahibsiz heyvanlara görə məsuliyyəti yerli icra hakimiyyəti orqanı daşıyır. Yerli icra hakimiyyəti onlara nəzarət etməlidir, sahibsiz itlərin qısırlaşdırılması və təhlükəsiz vəziyyətə gətirilməsini təmin etməlidir. Əhalinin təhlükəsizliyinin qorunması, habelə heyvanların mühafizəsi vəzifəsini dövlət qurumları daşıyır”.
Ekspert qeyd edib ki, zərərçəkmiş uşağın valideynləri yerli icra hakimiyyəti orqanından şikayət edə bilərlər:
“Qanunvericilikdə bu məsələ ilə bağlı qeyd olunur ki, yerli icra hakimiyyəti orqanları bu mövzularda maarifləndirmə işləri aparmalıdır. Yaşayış yerinə yaxın, lakin boşluq ərazilərdə heyvanlar özləri üçün məskən sala bilər. Həmin yerlərə girişi qadağan edən lövhələr yerləşdirilə bilər. Sahibsz heyvanların peyvənd edilməsinə də dövlət qurumları nəzarət etməlidir. Bütün hallarda məsuliyyət yerli icra hakimiyyəti orqanının üzərinə düşür. Vaideynlərin də yerli icra hakimiyyətini məhkəməyə vermək hüququ var”.
Hüquqşünas hesab edir ki, heyvanları öldürmək çıxış yolu deyil:
“Maarifləndirmə işləri ilə paralel sürətli həllər üzərində düşünülməlidir. Maarifləndirmə yaxşıdır, amma bu, uzun vədədə nəticə verən həll yoludur. Bunun effektini 10-15 ilə görə bilərik. Problemin qarşısını almaq üçün zəruri addımlar atılmalıdır, küçə heyvanları qısırlaşdırılmalı, peyvəndlənməlidir. Məktəblərin yaxınlığında ət kəsimi məntəqələri yerləşir, təbii ki, belə yerlərdə itlər də olacaq. Zibil yeşiklərinin ağzı açıqdır, yeni qoyulanda səliqəli vəziyyətdə olur, lakin çox keçməmiş ətraf zibillənir, ətrafından da heyvanlar əksik olmur. Belə məsələlərdə yeyinti yoxdur deyə bəzi məmurlara bunları həll etmək maraqlı gəlmir. Deputat Tahir Kərimli təklif etmişdi ki, sahibsiz itləri it əti yeyən ölkələrə göndərək. Milli Məclisin deputatının təklifinə baxın – bundan sonra məsələnin həlli üçün hansı alternativ təkliflərlə çıxış edə bilərik?!”
Xatırladaq ki, hadisə mart ayının 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdi öz yoldaşları ilə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.