"Mən o vaxt Aztv-yə çıxanda bu günki müğənnilərin əksəriyyəti heç efirə çıxa bilmirdi. O illərdə çox çətin idi. 1985-ci ildə Baba Mahmudoğlunun “Gənclik təqdim edir” verilişində iki mahnı ifa etmişdim. O qədər sevilmişdi ki. Qalstukun bir balaca da əyri qala bilməzdi, qızıl dişin var idisə çalışırdılar ki, onu efirdə göstərməsinlər, efirə çıxanda barmağına üzük taxa bilməzdin. 1988-ci ildə “Çay dəstgahı” adlı veriliş çox məşhur idi. Ora hələm-hələm müğənniləri dəvət etmirdilər. Rəhmətlik Məmmədbağır Bağırzadə, Qədir Qızılsəs o verilişə qonaq gedirdilər”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Aqil Cəbiyev deyib. Sənətkar daha sonra əlavə edib.
“Yeni oxumağa başlayanda toylarım çoxaldı. Ay 31-dən idi, mən 35 gün toya gedirdim. Bu gün o toylar yoxdur. Çünki oxuyanların sayı artıb. O qədər toya görə evimə gəlirdilər ki. Vaxtım yox idi. Mənə inanmayanlar da var idi, elə bilirdilər ki, vaxtım var, özüm getmirəm. Toy dəftərini verirdim ki, öz gözləri ilə görsünlər. Mənə görə toyu gündüz saatlarına salırdılar ki, axşam saat 6-ya kimi oxuyub, sonra başqa toya gedim. 1 il öncədən toylara görə məni rezerv edirdilər. Toya o qədər başım qarışırdı ki, efirlərə çıxmaq yadıma da düşmürdü. Teymur əmi ilə toylara çox düşürdüm. O deyirdi ki, “Aqil, efirlərə də çıxmaq lazımdır”. Müğənnini toylarda bəyənib el şənliyinə dəvət edirdilər, efirlərdə yox! Bir dəfə də Kürdəmirdə toydaydım. Xalq artisti Aftandil İsrafilov da həmin toyda idi. Fasilədə mənə dedi ki, “gəl Bakıya birlikdə işləyək”. Ona yox sözünü demədim, dedim ki, inşallah baxarıq. Amma Bakıya getmədim. Rəhmətlik Həsənağa Sadıqov ilə də çox toylara getmişəm. “Qürbət eldə can vermərəm ölümə” adlı mahnımı o illərdə bütün kaset mağazalarında satırdılar. Elə bir bölgə yox idi ki, orada həmin mahnım səslənməsin. Özüm gedirdim, özüm eşidirdim. Bütün avtomobillərdə, rayonun mərkəzində bu mahnımı dinləyirdilər. İndiki günə qədər toylarda məndən o mahnını istəyirlər. Həmin kaset mənə böyük uğur gətirdi. İndiki kimi deyildi, bizim nəsil müğənnilər kasetlərlə məşhurlaşırdı. Hazırda yaşadığım Salyan rayonu Şorsulu kəndində mədəniyyət evinin direktoru işləyirəm” deyə Aqil Cəbiyev deyib.
Sənətçi İslam Rzayevin ansamblında çalışdığını bildirib.
“1985-ci ildə sənətə yeni başlayanda görkəmli sənətkarımız İslam Rzayevin ansamblına məşqə gəlirdim. Rəhmətlik Qulu Əsgərovu da orada görürdüm. Qulu müəllim hələ o vaxt mənim Salyandan olduğumu bilmirdi. Rəhmətlik Baloğlan Əşrəfov, Məhəbbət Kazımov, Xeyransa Məmmədova, Bilal Əliyev, Ağadadaş Ağayev də həmin ansambla gələnlər sırasında idi. Onlar tanınırdılar, mən isə sənətə yeni başlamışdım. İslam Rzayev məni göstərib dedi ki, “o təzə gələn oğlan durub oxusun”. Mən durub oxudum! İfamı da bəyəndilər. 1-2 ay ansambla gedəndən sonra daha getmədim. Qulu müəllim demişdi ki, “ay İslam, o cavan oğlanın oxumağı məni özünə çəkirdi, niyə yoxdur?”. İslam müəllim demişdi ki, “o Salyandan idi”. Qulu Əsgərov da deyib ki, “deyirəm axı, onun oxumağı məni niyə çəkir?!” 1989-cu ildə İncəsənət universitetinə daxil oldum. Xalq artisti Ağadadaş Ağayevlə bir yerdə oxuyub, bir partada əyləşmişəm. Ağadadaş müəllim yaşca məndən böyük idi, ikinci təhsilini alırdı. Teymur Mustafayevlə, Sabir Əliyevlə çox yaxın olmuşuq, toylara birgə düşərdik. Bu günki gündə də Yusif Mustafayevlə, Ağadadaş Ağayevlə gözəl münasibətimiz var” deyə müğənni deyib.
Aqil Cəbiyev ona mane olanlardan da danışıb.
“1982-ci ildə hərbi xidmətdən gələndən sonra bir toya qonaq kimi getmişdim. Oxumağım camaatın xoşuna gəlmişdi. Yerdən qışqırırdılar ki, “qırmızı köynəkli oğlan oxusun”. Toyu idarə edən müğənni başqası idi. O mənim oxumağımı istəmirdi. 2-3 dəfə oxuyandan sonra musiqiçilərin rəhbəri artıq mənə toya getmək təklifini etdi. Mən axı müğənniliyə başlamamışdım. Sən demə o toy bizim kəndimizdə baş tutacaqmış, mənim də xəbərim yoxdur. Müəyyən maneələr olsa da müğənni kimi fəaliyyət başladım. Salyanda ansambl hazırladım. O vaxta qədər müğənnilər, musiqiçilər rayonda toylara pərakəndə gedirdilər. Ansamblın adı da “Arzu” instrumental ansamblı idi. İndi də adı bizdə belə gedir. Sonra gördülər ki, toylarımın sayı artır, başladılar yaxın bildiklərim mənə mane olmağa, ayağımdan çəkməyə. Hələ bir sənətçi efirə zəng edib demişdi ki, onu dəvət etməyin. O vaxtı onların sözü keçirdi, mənimki yox. Belə paxıllıqlar çox olub, indi də var” deyə müğənni bildirib.
Aqil Cəbiyev bu günki toylardan və gənclərdən gileylənib.
“Bu gün toylarda da, efirlərdə də pərakəndəlik baş alıb gedir. Səsinin orasını-burasını kompyuterdə düzətdirir, amma görürsən ki, özünü elə yekəxana aparır ki. Oxumağa dəvət edəndə kənara çəkilirlər. Sən axı mənim oğlum yerindəsən, sənətdə heç nə etməmisən! Necə danışırlarsa, elə də oxuyurlar. Mən çadır toylarında 4 dəfə “Çahargah” dəstgahı oxuyurdum! Efirlərdə özlərini o qədər yüksəkdən aparırlar ki. O vaxt müğənni Pünhan Piriyev balaca idi. Onların kəndlərinə toylara gedirdim. Mən toyxanada oturanda imkan verməmişəm ki, kimsə gəlib əlini mənim boynuma salıb, nəsə desin. Özümü ağır, sanballı aparmışam. Ağaxan Abdullayevə, Məmmədbağır Bağırzadəyə Allah rəhmət etsin, onlara mahnı sifariş edəndə ara məsafəsi saxlayırdılar. 2015-ci ildə Pünhangilin kəndlərində idim. Biri yaxınlaşıb dedi ki, “Olar Aqil müəllim, bu uşaq bir şey oxusun”. Oxumağa gələndə dedi ki, “mən Zabit Nəbizadənin tələbəsiyəm”. Səsini eşidəndə gördüm ki, onda Zabitdən əsər-əlamət yoxdur. Bir dəfə də onların toyunda idim. Çadırın altından başını çıxarıb dedi ki, “olar yenə də oxuyum?”. Zarafatca dedim ki, “bəsdir də zəhləmizi tökdün” (gülür). Keçən il gəlib toyda məni qucaqlayıb tanışlıq verdi. Haçandan-haçana onu xatırladım. Ona illər öncə toyda mikrofon verdiyim üçün mənə təşəkkür etdi. Bizim vaxtımızda sənətkarlara hörmət var idi. Amma əfsuslar olsun ki, indiki gənclərin əksəriyyətində bu hörmət yoxdur” deyə sənətkar bildirib.