Şadlıq sarayında dava oldu - Xəsarət alan var

 Şadlıq sarayında dava oldu - Xəsarət alan var

Balakən rayonunda “Grand Palace” şadlıq sarayında dava olub, 2003-cü il təvəllüdlü Elsevər iş yoldaşı Məhəməliyə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə 11 sentyabr 2023-cü ildə baş verib. Elsevər həmin gün saat 23 radələrində spirtli içkinin təsiri altında, yəni sərxoş vəziyyətdə Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Grand Palace” şadlıq sarayında qəsdən, heç bir əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri edib. 

Elsevər onunla birlikdə şadlıq sarayında ofisiant işləyən Məhəməlinin sol göz nahiyəsinə sağ əli ilə qəsdən bir dəfə yumruq zərbəsi vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Elsevərin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elsevər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hazırda Gəncə Dövlət Universitetində Pedoqoji Məşqçilik fakultəsində ali təhsil alır, 4-cü kurs tələbəsidir: “Tətil vaxtlarında ailə üzvlərim ilə birlikdə yaşadığım Balakən rayonu Kortala kəndinə gələrək özümə məxsus “VAZ 2101” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul oluram. Bəzi vaxtlarda da “Grand Palace” şadlıq sarayında toy məclisi olanda gedib gündəlik 15 manat pul qarşılığında ofisiant işləyirəm. Əvvəllər hər hansı psixi və ya fiziki xəstəliklər keçirməmişəm. Zərərçəkmiş Məhəməli təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərindən tanıyıram. Məhəməli ilə aramızda əvvəllər hər hansı bir ədavət və ya düşmənçilik olmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 11 sentyabr 2023-cü il tarixdə “Grand Palace” şadlıq sarayında toy məclisi keçirildiyinə görə, həmin tarixdə axşam saatlarında ofisiant kimi xidmət etmək üçün şadlıq sarayına gedib: “Həmin tarixdə təxminən saat 23 radələrində toy məclisi bitdikdən sonra ofisiantlar yığışıb yemək üçün özümüzə masa hazırladıq və birlikdə yemək yedik. Şadlıq sarayında yemək yeyərkən 3 qədəh spirtli içki araq içdim. Daha sonra şadlıq sarayının birinci mərtəbəsindən ikinci mərtəbəsinə qalxan zaman pilləkənlərdə dayanmış iş yoldaşım Məhəməliyə toxundum. Məhəməli isə bunu qəsdlə etdiyimi düşündü və məni itələdi. Nəticədə ayağım ilişib yerə yıxıldım. Həmin vaxt sağ əlim ilə Məhəməlinin yaxasından tutub silkələməyə başladım. Məhəməli də buna cavab olaraq yaxamdan tutub silkələməyə başladı və kürəyim pilləkənin məhəccərinə dəydiyinə görə kürəyimdə ağrı hiss etdim. Buna görə sağ əlim ilə Məhəməlinin sol göz nahiyəsinə bir yumruq zərbəsi vurdum. Həmin vaxt pilləkənin yuxarı tərəfində toplaşan digər ofisiantlar gələrək bizi ayırdılar. Bundan sonra şadlıq evində inzibatçı işləyən şəxs bizə yaxınlaşaraq aşağı düşməyimizi, söhbət edib aramızdakı problemi həll etməyimizi xahiş etdim. Buna görə Məhəməli ilə birlikdə şadlıq evinin qarşısına getdim və şadlıq evinin qarşısına çatanda Məhəməlinin ünvanıma nalayiq ifadələr işlətdiyini eşitdim. Həmin vaxt əsəblərimi cilovlaya bilmədim və Məhəməlini təkrar vurmaq üçün onun üstünə hücum çəkdim. Bu zaman şadlıq evində inzibatçı işləyən şəxs yaxınlaşaraq mənim qarşımı kəsdi və münaqişənin daha da böyüməsinin qarşısını aldı”. 

İş üzrə zərərçəkmiş Məhəməlini sözlərinə görə, hazırda Balakən rayonu Sarıbulaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır və Balakən rayonu ərazisində yerləşən müxtəlif şadlıq saraylarında toy şənliyi olanda gedib gündəlik 15 manat pul qarşılığında ofisiant kimi işləyərək pul qazanıb, ailəsinin dolanmasını təmin edir: “Anadan olandan etibarən gözlərimdə görmə zəifliyi var, sağ gözüm 9 faiz, sol gözüm isə 11 faiz görür. Buna görə uşaqlıqdan eynəkdən istifadə edirəm. Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Grand Palace” şadlıq sarayının rəsmi işçisi olmaqla həmin şadlıq sarayında daimi ofisiant kimi işləyirəm. 11 sentyabr 2023-cü il tarixdə də Grand Palace şadlıq sarayında təşkil olunmuş toy məclisində ofisiant kimi xidmət etmək üçün həmin tarixdə təxminən saat 10 radələrində şadlıq sarayına getdim. Həmin tarixdə təxminən saat 18 radələrində toy məclisi başladı. Mən və digər ofisiantlar toy məclisinə gəlmiş şəxslərə xidmət etməyə başladıq. Toy məclisi bitdikdən sonra təxminən saat 23 radələrində xidmət etdiyim masadakı boş şüşələri və qabları podnosa yığıb mətbəx otağına apardıq. Əlimdəki podnosla mətbəx otağına doğru hərəkət edən zaman şadlıq sarayında  birlikdə ofisiant işləyən və həmin vaxt təxminən bir həftədir tanıdığım Elsevər əli ilə belimdən irəliyə doğru itələdi. Həmin vaxt etdiyim hərəkətə görə Elsevərə iradımı bildirdim. Elsevər isə mənimlə zarafat etdiyini bildirmək üçün göz qırparaq işarə etdi. Mən də Elsevərin hərəkətini zarafat kimi qəbul etdim və pilləkənlərlə üzü aşağıya hərəkət edib mətbəx otağına getmək istədiyim zaman Elsevər yenidən məni arxadan itələdi. Nəticədə  müvazinətini itirib özündən asılı olmadan pilləkənlərlə sürətlə birinci mərtəbəyə kimi hərəkət etdi. Həmin vaxt orada olan və hazırda adını xatırlamadığım ofisiant yoldaşı məni tutaraq saxladığıma görə yerə yıxılmadım. Əlimdəki podnosu aparıb mətbəx otağına qoydum və yenidən pilləkənlərlə yuxarı qalxıb zala getmək istəyən zaman Elsevərin pilləkənlərin baş tərəfində, yəni yuxarıda dayandığını gördüm. Pilləkənlərin baş tərəfinə çatanda Elsevər səbəbsiz yerə qəflətən təpiklə qarın nahiyəmə yavaşca, yəni geri itələyirmiş kimi vurdu. Buna görə orada Elsevərlə aramızda münaqişə yarandı. Münaqişə zamanı Elsevər sağ əli ilə sifətimin sol tərəfinə bir yumruq zərbəsi vurdu. Zərbənin təsirindən gözlərim qaraldı və bir neçə saniyəlik müvazinətimi itirdim. Həmin vaxt orada olan ofisiantlar cəld şəkildə Elsevəri məndən ayırdılar və oradan uzaqlaşdırıb aparmağa çalışdılar”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra şadlıq evində inzibatçı işləyən şəxs onlara yaxınlaşaraq aşağı düşmələrini və söhbət edib aralarındakı problemi həll etmələrini xahiş edib: “Buna görə Elsevərlə birlikdə pilləkənlərdən aşağı düşdük. Şadlıq evinin qarşısına getdim və şadlıq evinin qarşısına çatanda Elsevər məni yenidən vurmaq üçün üstümə hücum çəkdi. Bu zaman şadlıq evində inzibatçı işləyən şəxs yaxınlaşıb Elsevərin qarşısını kəsdi və münaqişənin daha da böyüməsinin qarşısını aldı. Bundan sonra oradan çıxıb yaşadığım evə getdim”. 

Zərərçəkmiş şəxsin sözlərinə görə, hadisə zamanı Elsevər sağ əli ilə onun sifətinin sol tərəfinə bir yumruq zərbəsi vuraraq ona bədən xəsarət yetirib: “Buna görə hadisədən sonra Bakı şəhərində yerləşən Milli Oftalmologiya Mərkəzinə müraciət etdim. Orada müayinə zamanı sol gözümün görmə qabiliyyətinin 4 faizə düşdüyü müəyyən edildi. Hadisə zamanı məni Elsevərdən başqa heç kim vurmayıb və xəsarət yetirməyib”. 

Bu cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elsevər 1500 manat miqdarında cərimə cəzasına məhkum edilib.
Demokrat.az

12:45 - 6 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin