Azərbaycanda ipoteka şərtləri yumşaldılır? - AÇIQLAMA

 Azərbaycanda ipoteka şərtləri yumşaldılır? - AÇIQLAMA

Tikinti şirkətləri binanı tikib təhvil verənədək, yəni 3-5 il ərzində mənzilləri kreditlə sata bilir. Belə olan halda şirkət ilkin ödəniş kimi vəsaitin 30-50 faizini alır, qalıq hissəni isə illər üzrə aylara bölür. Nəticədə də aylıq ödəniləcək məbləğin yüksək olması aztəminatlı ailələr üçün sərfəli olmur. 

Bu səbəbdən də bu gün haqlı olaraq ipoteka və daxili kredit şərtləri ilə bağlı narazılıqlar var. Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, əslində Azərbaycanda ipotekanın faiz dərəcəsi yetərincə aşağıdır:

“Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə sosial ipotekanın faiz dərəcəsi 4 faiz, adi formada isə 8 faizdir. Nəzərə alsaq ki, sığortalanan əmanət faizi 12 faizdir, belə vəziyyətdə şərtlərin daha da yumşaldılması mümkün deyil. 

Bizim cəmiyyətdə bir az sovet dövründən qalma yanaşma var ki, hamı ev almalıdır. Mən bunun səhv və ya düz olduğunu təhlil etmirəm, sadəcə bu sovetdən qalma bir yanaşmadı. Çünki sovet dövründə insanlara ev onların maddi imkanına görə yox, növbə əsasında verilirdi. Bazar iqtisadiyyatında isə hər şey pulla alınır”. 

Ekspert bildirib ki, bazar iqtisadiyyatında hər kəs evinin olması anlayışı yoxdur:

“İndiki vəziyyət belədir ki, hamı evi şəxsi vəsaiti hesabına almalıdır. Təbii ki, hamının da evi olmayacaq. Bəzilərinin isə vəsaitindən asılı olaraq birdən artıq evi ola bilər. 

Belə şəraitdə bəzi insanların gəliri onların ipoteka ilə ev almasına imkan verdiyi halda, bir çox insan isə ev almaq imkanına malik deyil. İpoteka şərtlərinin isə bundan daha artıq yumşaldılmasını gözləmək çətindir. Bu acı reallıqdır. Azərbaycan 1991-ci ildən etibarən bazar iqtisadiyyatı sistemini seçib və bu sistemin qaydaları belədir”.

17:00 - 3 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin