Abşeron rayonunda 1991-ci il təvəllüdlü Kərəm şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zülfiyyəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, Kərəm rəsmi nigahda olduğu, lakin faktiki olaraq ayrı yaşayan arvadı Zülfiyyənin ondan icazəsiz işləməsinə etiraz etmək üçün sonuncunun satıcı kimi işlədiyi Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən “Masazır Mall” paltar mağaza mağazasına gəlib.
Kərəm mağazanın qarşısında küçədə mübahisə edərək kənar şəxslərin gözü qarşısında anasını mağazadan qovdurmasının səbəbini Zülfiyyədən soruşub və əsəbi formada Zülfiyyənin ünvanına söyərək üstünə hücum edib. O, şillə ilə Zülfiyyənin sifət nahiyəsinə vurub. Həmin vaxt orada yerləşən “Nur” dönər evinin işçiləri onu sakitləşdirərək ayırdıqdan sonra yenidən ucadan nalayiq söyüşlər söyərək Zülfiyyənin sol göz nahiyəsinə şillə ilə zərbə vuraraq, ona xəsarətlər yetirib.
Hadisəni törədən Kərəmin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kərəm özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O bildirib ki, Zülfiyyə ilə 2021-ci ilin dekabrında rəsmi olaraq evləniblər: “2022-ci ilin yanvarında Zülfiyyə atasının evinə getdi. 2 gün qaldıqdan sonra Zülfiyyəyə evə gəlməsini bildirdim. Lakin Zülfiyyə evə qayıtmaq istəmədiyini dedi. Zülfiyyənin anam ilə yola getməməsini bəhanə gətirib evə gəlməyəcəyini bildirdi. Lakin evə qayıtmasını bildirərək münasibətləri aydınlaşdıracağımı dedim. Zülfiyyə sözümü eşitməyərək evə qayıtmadı. Həmin vaxtdan Zülfiyyə atasının evində yaşadı. Onunla yalnız telefonla əlaqə saxlamışam. Zülfiyyəyə əgər mənimlə yaşamaq istəmirsə, boşanmasını bildirmişəm. Zülfiyyə boşanmayacağını bildirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 20 may 2022-ci ildə, axşam saat 23 radələrində evə gələrkən Zülsiyyə ilə küçədə qarşılaşıb: “Zülfiyyədən haradan gəlməsini soruşdum. Mənə işdən gəldiyini deyərək evlərinə getdi. Səhəri gün Zülfiyyənin harada işləməsini maraqlandım və onun “Masazır Mall” dükanında satıcı işlədiyini öyrəndim. Zülfiyyə mənimlə evlənməzdən əvvəl də həmin dükanda işləyib. Anama bu barədə bildirdim. Anam Zülfiyyənin icazəsiz işləməsinə narazılıq etdi və ondan boşanmağımı, soy adımızdan çıxmasını demək üçün həmin mağazaya getdi. Anam mağazadan evə qayıdanda Zülfiyyənin mağazadan onu qovdurtduğunu, ünvanına nalayiq sözlər işlətməsini bildirdi. Buna görə əsəbləşdim və saat 17 radələrində anam ilə birlikdə Zülfiyyənin işlədiyi dükana getdik. Mağazada işləyən işçini çağıraraq anamı mağazadan qovmasının səbəbini soruşdum. Həmin oğlan mənə anam ilə Zülfiyyə mübahisə etməsin deyə anamı mağazadan çıxardığını dedi. Həmin vaxt Zülfiyyə mağazadan bayıra çıxıb bizə yaxınlaşdı və ünvanımıza nalayiq sözlər işlətdi. Zülfiyyənin anama və mənə qarşı hörmətsizlik etməsi səbəbindən sifətindən şillə vurdum ki, səsin kəssin. Həmin vaxt Zülfiyyə məni təhqir edərək hay-küy salmağa başladı. Anamı oradan götürüb evə qayıdanda Zülfiyyə yenidən bizi söydüyü üçün onun sifətinə şillə vurdum. Anam isə mənim mübahisə etməyə imkan vermədi, oradan evə qayıtdılar. Sonradan məlum oldu ki, Zülfiyyə polisə barəmdə şikayət etdi”.
İş üzrə zərərçəkmiş Zülfiyyənin sözlərinə görə, Kərəm ilə 19 dekabr 2021-ci ildə rəsmi olaraq ailə qurub, lakin ailə qurandan 1 ay sonra qaynanası ilə yola getməmələri və bu səbəbdən evdə söz-söhbət olduğuna görə müvəqqəti atasının evinə gedib ki, ara sakitləşəndən sonra qayıdar: “Atamın evinə gələndən bir gün sonra Kərəm mənə zəng vurdu, anasının məni qəbul etmədiyini dedi, evə qayıtmağımı, istəmədiyini bildirdi. Valideynlərimə bu barədə bildirdim. Bir daha Kərəmin evinə qayıtmadım. Kərəmlə qonşuluqda yaşayırıq. Qaynanam xəbər göndərdi ki, onlardan cehizlərimi götürək. Valideyinlərim cehizlərimi evə gətirdilər. Bu müddətdə Kərəm mənimlə maraqlanmadı”.
Zərərçəkmiş qeyd edib ki, 13 may 2022-ci ildən Abşeron rayonu, Masazır qəsəbəsində “Masazır mall” mağazasında satıcı kimi işə düzəlib: “Mayın 21-də, saat 18 radələrində mağazada olarkən qaynanam mağazaya gəldi, mənimlə mübahisə edib ünvanıma söyərək onların soyadından çıxmağımı tələb etdi. Mən məhkəməyə boşanma barədə ərizə yazdım, onların soy adından çığacağımı dedim. Qayınanam mənimlə mübahisə etdiyi üçün iş yoldaşım onu mağazadan çıxardı. Qayınanam gedib Kərəmi özü ilə mağazaya gətirdi. Kərəm anası ilə iş yerinə gələrək iş yoldaşımı bayıra çağırdı, mübahisə etdiyi üçün mağazadan bayıra çıxdım. Onlara etirazımı bildirdikdə mağazanın qarşısında Kərəm heç bir səbəb olmadan ünvanıma nalayiq söyüşlər söyərək sifətimdən şillə ilə vurdu. Mağazanın yanındakı dönər evində işləyən şəxslər Kərəmi ayırdı, məni döyməyə qoymadı. Kərəm isə yenidən üstümə gəldi, təkarən şillə ilə bərkdən sol göz nahiyəmə vurdu”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kərəm 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Demokrat.az