“Dövlət İmtahan Mərkəzi vahid qaydanı pozdu” - Məktəblərdə imtahan sayı azaldılır?

 “Dövlət İmtahan Mərkəzi vahid qaydanı pozdu” - Məktəblərdə imtahan sayı azaldılır?

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib ki, məktəblərdə imtahanların sayı azaldıla bilər. Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur. Nazir əlavə edib ki, hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir. 

Təhsil eksperti Cahid İmanlı qeyd edib ki, imtahan biliyin, bacarığın, meyarın ölçülməsi, qiymətləndirilməsidir. Bu qiymətləndirmənin nəticəsi biliyi ölçülənə müəyyən hüquqlar da verir:
“Məsələn, hazırda orta məktəbin 9-cu sinfində oxuyan şagirdlər məhz 3 fənnin nəticəsinə görə kolleclərə qəbul olmaq hüququ əldə edirlər. Cənab nazir Emin Əmrullayev çıxışında orta məktəblərdə imtahanların sayının azaldılacağını qeyd etdi. Gəlin əvvəlcə nəzər salaq ki, orta məktəblərdə hansı fəndən, neçə imtahan keçirilir. Bu imtahanların keçirilmə səbəbi nədir? Bu imtahanların keçirilməsinin məktəbə, müəllimlərə və ümumiyyətlə, təhsilimizə müsbət və ya mənfi təsiri nələr olub? 

Ümumtəhsil məktəblərində şagirdlərin müəyyən təhsil pillələrində, məsələn, ibtiadi təhsildə 4-cü sinifdə, orta təhsildə 9-cu sinif və ya tam orta təhsildə 11-ci sinifdə dövlət qurumu kimi Elm və Təhsil Nazirliyinin keçirdiyi hansısa mərkəzləşmiş imtahan mövcud deyil. Burada  şagirdlərin qiymətləndirilməsi məktəbdaxili qiymətləndirmə sayılır. Amma məhz burada hazırda orta ümumtəhsil məktəbində təhsil sistemində çoxlu mübahisə yaradan, təhsili biznesə çevirən, şagirdlərin dərsdən yayınmasına gətirib çıxaran, repetitorluğa şərait yaradan, gündəlik dərs prosesini pozan bir nüans ortaya çıxır. Bu da Dövlət İmtahan Mərkəzinin 9-cu və 11-ci siniflərdə bütün fənlərdən yox, yalnız 3 fəndən – Ana dili, Riyaziyyat və xarici dildən mərkəzləşmiş qaydada buraxılış imtahanı keçirməsi və bu imtahanın nəticəsi kimi şagirdlərə müəyyən orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verməsidir”.

Ekspert bildirib ki, sözügedən prosesin müsbət nəticələri olsa da mənfi tərəfləri daha çox oldu:

“Beləki vahid qayda pozuldu, şagirdlərdə və müəllimlərdə “bu, əsas fəndir, lazımlı fəndir, digəri ikinci dərəcəli, lazımsız fəndir” kimi anlayışlar formalaşdırdı. Bunun əsl çətinliklərini, mahiyyətini orta məktəbdə gündəlik dərs aparmayan müəllimlərdən başqa heç kim bilə bilməz. Təsəvvür edin ki,  şagirdlərin əksəriyyəti 8-ci sinifdən buraxılış imtahanı qorxusundan digər fənlərin öyrənilməsinə həsr etdikləri vaxtı, zamanı, əziyyəti, məsuliyyəti, maddiyyatı, enerjini ancaq 3 buraxılış fənninə yönəldirlər. Nəticədə isə digər fənlər kölgədə qalır. Halbuki məktəbin, xüsusilə 9-cu sinfə qədərki orta təhsilin məqsədi bu deyil. Orta təhsil pilləsində şagirdlər bütün fənləri bərabər oxumalı, yəni minumum bal olan 30 faizlik həddi keçməlidir. Məhz bu zaman onlarda müəyyən dünyagörüşü, həyati bacarıqlar, vərdişlər və şəxsiyyət formalaşar”. 

C.İmanlının fikrincə, imtahanların sayını azaltmaq yox, onları məktəbin və müəllimin özünə qaytarmaq lazımdır:

“Bizim cəmiyyətə ingilis dilini mükəmməl bilib tarixini bilməyən və ya musiqi, incəsənət duyumu olmayan, texnologiyanı oxumayıb sadə əmək vərdişlərini bilməyən robotlar lazım deyil. Orta təhsil pilləsinin nəticəsində biz yalnız 3 fənni bilən uşaqlar yetişdirməli deyilik. Bu pillədə tədris olunan bütün fənlərin ən az 30 faizini mənimsəyən, həm humanitar, həm təbiət , həm idman və incəsənət, həm də texniki sahələrdən az da olsa məlumatlı olan dünyagörüşlü şəxsiyyət formaladırmalıyıq.

Buraxılış siniflərində şagirdin biliyi Boloniya sistemində olduğu kimi məktəbin və dövlət qurumunun keçirdiyi imtahanların nəticəsi əsasında ortaq qiymətləndirilməlidir”.

17:15 - 1 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin