Narkotik vasitələrin dövriyyəsində taksilərin iştirakı artıb - “Bolt”, “Uber” taksi maşınları...”

 Narkotik vasitələrin dövriyyəsində taksilərin iştirakı artıb - “Bolt”, “Uber” taksi maşınları...”

Xəbər verdiyimiz kimi Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi” dinlənilib. Müzakirələr zamanı deputat Tahir Kərimli bildirib ki, narkotik istifadəçilərinin çoxu sərbəst qalır, bəziləri cəza çəkir, bu, ədalətsizlikdir. O qeyd edib ki, cəzaçəkmə müəssisələrinin yarısından çoxu narkotik istifadəçiləridir: “Dövlət bura nə qədər xərc çəkir. Narkomanların adına məhkumluq yaranır ki, bu da onların gələcək işində, həyatında problemlər yaradır. Düşünürəm ki, ümumiyyətlə, bu cür şəxslər həbs olunmamalıdır. Onlar müalicəyə yönləndirilməli və yenidən cəmiyyətə qaytarılmalıdır”.

Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Asayis.Az-a açıqlamasında deyib ki, gənc nəslə narkotikdən istifadənin zərərli vərdiş olduğu aşılanmalı, gəncləri bundan uzaqlaşdırmaq üçün təbliğat aparılmalıdır:

“Məktəblərdə, universitetlərdə yeniyetmə və gənclərlə bu mövzuda görüşlər keçirilməli, vaxtaşırı maaarifləndirici seminarlar təşkil olunmalıdır. Bu məsələ tədris proqramına salınmalıdır, çünki narkotik əsrimizin bəlasına çevrilib. Hər müstəvidə bacardığımız qədər bununla mübarizə aparmalıyıq. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maarifləndirici tədbirlərin həyata keçirilməsi məqsədilə müəyyən layihələri maliyyələşdirir. Demək olar ki, hər il təxminən 10-dan çox layihə bu məzmunda olur. Cəmiyyətin bu sahədə fəallığı var, amma yenə də azdır. Televiziyalarda reklam çarxları artırılmalıdır, narkotikdən istifadənin zərərləri, insan həyatını necə alt-üst etməsi barədə qurbanların iştirakı ilə verilişlər yayımlanmalıdır, şəhərdə ictimai yerlərdə maarifləndirici lövhələr asılmalıdır.  


Narkotik qurbanlarının müalicəsinə ciddi diqqət yetirmək lazımdır. Dispanserlərdə çarpayıların sayını artırmaq, ümumilikdə ölkədə fəaliyyət göstərən narkoloji dispanserlərin sayını artırmaq lazımdır. Bu tədbirlər tək paytaxtı deyil, digər şəhər və rayonları da əhatə etməlidir”. 

Ekspert əlavə edib ki, narkotik vasitələrin dövriyyəsində taksi sürücülərinin iştirakı geniş vüsət alıb:

“Bakıda onların şəbəkəsi getdikcə böyüyür. Vaxtaşırı bu şəxslər məsuliyyətə cəlb olunurlar, amma taksi adı altında fəaliyyət göstərən “Hybrid Toyota” markalı “Bolt”, “Uber” taksi maşınlarının sahiblərinin də burada iştirakı var.  Taksi sürücüləri guya qoyulan planı doldura bilmədikləri üçün məcbur narkotik dövriyyəsi ilə məşğul olurlar, bu tamamilə bəhanədir. Belə sürücülərin əksəriyyəti yol-nəqliyyat hadisələrinin törədilməsinə səbəb olur, yol hərəkəti qaydalarını kobud şəkildə pozur, müştərilərə qarşı mədəniyyətsizlik edirlər. Bu sürücülər narkotik məsələsində maşın sahibləri ilə sıx əlaqədədirlər”.
Demokrat.Az

10:45 - 1 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin