Son vaxtlar bəzi valideynlərin sosial şəbəkələrdə qeyri-etik davranışlarının şahidi oluruq. Təəssüf ki, bu şəxslər övladlarını da öz əməllərinə alət edir, reytinq xətrinə onlardan istifadə edir, həm öz uşaqlarına, həm də digərlərinə mənfi örnək olurlar. Özləri ilə fəxr edir, sosial şəbəkə fenomeni olmaq uğrunda bütün dəyərlərin üstündən xətt çəkirlər. Uşaq ailənin güzgüsüdür deyirik. Belə valideynlərin əhatəsində böyüyən uşaqların eyni hərəkətləri təkrarlayacağı qaçılmazdır, valideynindən nümunə götürən övlad etdiyi hərəkətin yanlış olduğunu düşünə bilməz. Bir sıra ölkələrdə belə halların qarşısının alınması üçün əxlaq polisi fəaliyyət göstərir. Ölkəmizdə də davranışları ilə cəmiyyəti sarsıdan şəxslərin cəzalandırılması üçün oxşar metodların tətbiq edilməsinin vaxtı çatıb.
Milli Məclisin deputatı Tahir Rzayevin məsələyə münasibətini öyrəndik. O, Demokrat.az-a açıqlamasında qeyd etdi ki, bəzi şəxslərin, xüsusilə valideynlərin ictimai yerlərdə, sosial şəbəkələrdə qeyri-etik davranışları qəbuledilməzdir və cəmiyyəti ciddi narahat edir:
“Təəssüflər olsun ki, bu hallar son dövlərdə xeyli artıb. Nəinki sosial şəbəkələrdə, kütləvi tədbirlərdə, televiziya ekranlarında, ictimai yerlərdə bəziləri özlərini mədəni aparmır, davranışları ilə ətrafdakılara narahatlıq yaradırlar. Belə halların aradan qaldırılması bilavasitə şəxsin özündən asılıdır, çünki valideyn öz kimliyini dərk etmirsə, harada necə hərəkət etməli olduğunu bilmirsə, bunu qanunla, inzibati yollarla tənzimləmək qeyri-mümkündür. Əxlaq polisi heç də hər kəsə nəzarət edə bilməz. Amma sosial şəbəkələrdə müəyyən qadağalar tətbiq oluna bilər, bu platformalarda yol verilməməli olan paylaşımlarla bağlı insanlar təlimatlandırılmalıdır. Bu gün sosial şəbəkələrdə biyabırçı vəziyyət hökm sürür. Ata və ana olan şəxslər mənəvi dəyərlərə, əxlaq normalarına sayğısızlıq göstərirsə, övladlarına nümunə ola bilməz, onların formalaşmasına mənfi təsir edərlər. Həmin şəxslər hərəkətlərinə görə məsuliyyət daşımalıdırlar. Burada polisin nəzarəti deyil, ictimai qınaq olmalıdır.
Belə insanlar haqqında mütləq ölçü götürülməlidir. Bəzi valideynlər özlərini vətənpərvər, humanist, qayğıkeş insan kimi təqdim edirlər, amma əməldə tamam başqa mövqe sərgiləyirlər. Sosial şəbəkələrdə zərərli davranışların təbliği cəmiyyət üçün təhlükəlidir, bu barədə düşünmək lazımdır”.