Ötən ilin fevralın 19-da Gəncədə ondan ayrılmaq istəyən sevgilisini öldürərək tullantı qutusuna atan 21 yaşlı Sərdar Cəfərov dəhşətli qətlin detalları, meyiti iki gün ailəsi ilə birgə yaşadığı evdə gizlətməsi barədə danışıb.
Məhkəmə materiallarına istinadən S.Cəfərov həmin gün günorta saatlarında parka gedərək son 1 ildə sevgi münasibətində olduğu Pərvin Musayeva ilə görüşüb və söhbət edərək aralarında münasibətə aydınlıq gətirmək istəyib. Daha sonra onu evə apararkən maşınında mübahisələri düşüb. Oğlanın sözlərinə görə, bu zaman Pərvin Musayeva ona “Onsuz da, sənin başına çox oyunlar açmışam, sənin xəbərin yoxdur, yenə oyunlar açacam, səni zəlil edəcəm” deyib. S.Cəfərov avtomobilin sükanı arxasından arxa oturacağa keçərək Pərvin Musayevanın başını dizləri üzərinə uzatmaqla müqavimətini qırdıqdan sonra əlləri ilə boyun nahiyəsindən tutub sıxaraq boğub öldürüb.
Sərdar Cəfərov məhkəmədə ifadə vermək istəmədiyini deyib və istintaqa verdiyi ifadəsini təsdiq edərək təqsirli olduğunu bildirib.
Mərhumun qardaşı Tahir Musayev məhkəmədə ifadə verərək deyib ki, 19 yaşlı Pərvin Musayeva Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olub: “Fevralın 17-də anam mənə zəng edərək bacım Pərvinin evə gəlməməsindən narahat olduğunu dedi. Pərvin saat 13:00 radələrində universitetə getmək adı ilə evdən çıxıbmış. Həmin vaxt hava qarlı olduğundan əvvəlcə, Pərvinin yolda yıxıldığını zənn etdim, bu səbəbdən ətraf küçələri, universitetə aparan yolları taksi ilə gəzdim. Lakin Pərvini heç yerdə tapa bilmədim. Onun sevgilisi Sərdara zəng edəndə Pərvini artıq 1 ildir görmədiyini və heç bir əlaqəsi olmadığını dedi. Amma ona inanmadım evlərinə gedib otaqlara baxdım, bacımı tapa bilmədim. Bundan sonra polisə müraciət etdim.
Pərvin itkin düşdükdən sonra sonuncu dəfə kimlərlə əlaqə saxladığını öyrənmək üçün öz adıma olan, lakin Pərvinin işlətdiyi mobil nömrənin dublikatını çıxartdım. Bütün sosial şəbəkələrdə olan hesablarının şifrələrini sıfırladım. Pərvinin instaqram hesabında rəfiqələri ilə yazışmalarına baxanda Sərdarla birlikdə çəkdirdiyi fotosunun skrinşotunu gördüm.
Pərvin həmin skrinşotu rəfiqəsinə göndərib Sərdarın birlikdə çəkdirdikləri fotoşəkilləri “Yandex Disk” proqramına yüklədiyini yazmışdı. Sonra dərhal bu barədə polis əməkdaşlarına xəbər verdim, Sərdarın mobil telefonuna baxış zamanı həqiqətən də “Yandex Disk” hesabının mövcud olduğunu gördük.
Buna görə də Sərdarın hesabının şifrəsini sıfırlayaraq yaddaş yerinə daxil oldum və orada saxlanılan bütün faylların tamamilə silindiyi məlum oldu. Kompüter və informasiya texnologiyalarından anlayışım olduğu üçün hesabın “LOG” tarixçəsinə baxdım. Bu zaman həmin faylların 19 fevral 2021-ci il tarixdə saat 18:12-də silindiyi məlum oldu. Həmin tarixçədən 01 ədəd “Mələyimə.txt” adlı fayl da aşkarlandı, amma həmin fayl da qeyd olunan tarixdə silinmişdi. Beləliklə, hüquq-mühafizə orqanlarının aktiv fəaliyyəti nəticəsində Pərvinin meyiti Gəncə şəhərinin ərazisində yerləşən məişət tullantılarının atıldığı yerdən tapıldı və bacımın ölümündə təqsirləndirilən Sərdar həbs edildi”.
T.Musayev hazırda şikayətci olduğunu deyib və Sərdara ağır cəza verilməsini xahiş edib.
Sərdar Cəfərov istintaq ifadəsində deyib ki, həbs edilənədək Azərbaycan Dövlət Aqrar Universitetinin “Elektroenergetika mühəndisliyi” ixtisasının ikinci kurs tələbəsi olub. O, sevgilisi Pərvin Musayeva ilə 2018-ci ildə ali məktəbə abituriyent hazırlığı mərkəzində tanış olduğunu bildirib: “Şagirdlərlə birgə söhbət qrupumuz vardı, Pərvinin nömrəsini ordan götürdüm. Bir il sonra Pərvinlə dost kimi ünsiyyət saxlamağa başladım. Qəbul imtahanlarından sonra vaxtaşırı Pərvinlə 16 nömrəli orta məktəbin ətrafında görüşürdük. 2019-cu ilin iyul-avqust aylarında bir-birimizi sevdiyimizi etiraf etdik.
Səhərlər 16 nömrəli orta məktəbin ətrafında görüşərək piyada şəkildə birlikdə universitetə gedirdik. Pərvin hər xırda səbəbə görə mübahisə edirdi. Bir müddət sonra aramızda mübahisə və narazılıqlar yaranmağa başladı. Buna görə 2020-ci ilin may ayında ayrıldıq. Buna baxmayaraq əlaqəmiz kəsilmədi, dost kimi arabir görüşürdük. Fevralın 7-də Pərvin mənə mesaj yazaraq işi olduğunu, görüşüb üzbəüz danışmaq istədiyini dedi. Pərvinin təyin etdiyi yerə görüşə getdim, orada sadəcə hal-əhval tutduq və müxtəlif mövzular barədə danışdıq.
Növbəti dəfə fevralın 19-da Pərvinin istəyi ilə eyni parkda görüşdük. Münasibətlərimiz və dərslər barədə danışdıq. Anam koronavirusa yoluxduğu üçün bir müddət onunla görüşə bilmədiyimi dedim. Daha sonra onu evlərinə aparmaq üçün maşına əyləşdik, söhbət edəndə Pərvin qəflətən acıqlı danışmağa başladı və məni yalan danışmaqda ittiham etdi. Mən heç vaxt yalan danışmadığımı dedim. Pərvini sakitləşdirmək üçün arxa oturacaqda onun yanında əyləşdim. Pərvin səsinin tonunu qaldıraraq “Onsuz da sənin başına çox oyunlar açmışam, sənin xəbərin yoxdur, yenə oyunlar açacağam, səni zəlil edəcəyəm” dedi.
Pərvinin əsassız ittihamlar irəli sürməsinə əsəbiləşib özümdən çıxdım və onu öldürmək məqsədilə əllərimlə boğmağa başladım. Eyni zamanda Pərvindən başıma oyun açdığını deyərkən nəyi nəzərdə tutduğunu soruşdum. Pərvin ona cavab vermədi, yalnız “Sənlik deyil” sözlərini dedi. Təxminən 2-3 dəqiqə əllərimi boynundan buraxmadan Pərvini boğdum. Həmin vaxt Pərvin əlləri ilə mənim biləklərimdən tutdu, boynundan aralamaq istədi. Ancaq Pərvini buraxmadım, qışqırmırdı, səs-küy salmadı və müqavimət göstərmədi. Bu zaman avtomobilin qapıları örtülü idi. Pərvini boğarkən üstünə uzanıb başını dizimə, ayaqlarını isə avtomobilin ayaqaltısının üstünə qoymuşdum. Pərvini boğduqdan sonra nəfəs almadığını gördüm, artıq öldüyünü fikirləşib əllərimi boynundan çəkdim. Sonra meyiti gizlətmək üçün maşınla evə gəldim. Avtomobili həyətə salıb darvazanı bağladım. Pərvinin meyitini maşından götürüb evə apardım. Meyiti dəhlizdə sobanın yanında döşəməyə uzatdım, əynindəki bütün paltarları və ayaqqabısını soyundurub mətbəxdən götürdüyüm sellofan paketə yığdım.
Pərvini tamamilə çılpaq vəziyyətdə soyundurduqdan sonra əynimdəki paltarları dəyişdim. Meyiti bükmək üçün marketə gedib yapışqanlı lent alıb qayıtdım. Zirzəmidən böyük sellofan paket və ilgəklər götürüb meyitin olduğu otağa keçdim. Əvvəlcə, meyitin ayaqlarını, əllərini və boynunu sellofanın içərisində tərpənməməsi üçün narıncı və mavi rəngli ilgəklərlə bağladım, daha sonra meyiti sellofana bükərək üzərini skoçla bir neçə yerdən, yəni baş, qarın, çanaq sümüyü və ayaq nahiyələrindən sarıdım. Bundan sonra meyiti evin içərisində ən arxa tərəfdə yerləşən kiçik yardımçı otağın ortasında döşəmənin üzərinə qoydum.
Pərvinin paltarlarını yığdığım paketlərdən birini evin yanındakı, digərini 24 saylı poçt şöbəsinin qarşısındakı, üçüncüsünü isə 2 nömrəli orta məktəbin arxa tərəfindəki zibil qutusuna atdım. Saat 17:00 radələrində evə qayıdaraq düşünməyə başladım, həmin vaxt anam işdə idi, evdə məndən başqa heç kəs yox idi. Anam saat 7-də evə gəldi, amma ona heç nə demədim. Növbəti gün də bütün günü evdə oldum, özümü soyuqqanlı aparırdım. Buna görə anam heç nədən şübhələnmədi. Həmin gün gecə Pərvinin qardaşı Tahir bizə gəlib bacısını soruşdu, sonra çıxıb getdi. Fevralın 21-də anamı qohumumuzun uşağının ad gününə apardım. Anam oradan çıxıb gecə növbəsinə işə getdi. Fevralın 22-si gecə saat 03 radələrində Pərvinin meyitini gizlətdiyim otaqdan çıxarıb maşının baqajına qoydum, 2 nömrəli orta məktəbin arxa tərəfində olan dolu zibil qutusunun yaxınlığına gedib ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra meyiti qutunun üzərinə qoyaraq evə qayıtdım. Avtomobilin arxa şüşələri qara rəngli qoruyucu örtüklə örtülü olduğundan onu maşında boğub öldürərkən də heç kim görməmişdi”.
S.Cəfərov qeyd edib ki, sevgilisi Pərvinə heç vaxt onu bağışlaması üçün yalvarmayıb: “Pərvini heç vaxt öpməmişəm. Bundan başqa nə hadisənin baş verdiyi gün, nə də hadisədən əvvəl Pərvinlə aramızda cinsi əlaqə və ya seksual xarakterli digər hərəkətlər olmayıb. Hadisənin baş verdiyi gün anamın iş növbəsində olduğu gecənin gəlməsini gözlədiyim üçün meyiti 2 gündən artıq evdə saxladım”.
Məhkəmə tibbi ekspertizası zamanı Pərvin Musayevanın bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Ona qarşı seksual xarakterli hərəkətlər edilmədiyi, bakirəliyinin pozulmadığı təsdiqlənib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Cəfərov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.//qafqazinfo