Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Azər Səricanov tərəflərin suallarını cavablandırıb.
Prokuror Səricanovdan Fazil Mustafanı nəyə görə sivil yolla başa salmadığını, sui-qəsd cəhdinə əl atdığını soruşub. Azər Səricanov deyib ki, Fazil Mustafanı lap əvvəldən cəzalandırmaq fikri var imiş. Buna səbəb isə deputatın müxtəlif sosial şəbəkələrdəki çıxışları olub: "Bəzi insanları cəzalandırmaq lazımdır ki, hamıya görsün ki, mənəvi dəyərləri tapdalamaq olmaz. Tək Fazil Mustafa deyil, biri də elə Mirşahin Ağayev. O da çox şey danışırdı. Burda mühakimə edilənlərin hamısını mən istiqamətləndirmişəm. Nə qədər cəza verirsiz verin”.
Daha sonra Fazil Mustafanın nümayəndəsi Azər Səricanova suallar verib Nümayəndə Fazil Mustafanın çəkilən misalların heç birini dilinə gətirmədiyini deyərək, müttəhimdən mənbə göstərməsini istəyib:
“Feysbuk səhifəsində, yutubda çıxışlarından birində deyirdi ki, məhərrəmlik ayında mələşmək, ulaşmaq olmaz. Mən belə sözləri qəbul edə bilmərəm.
Nümayəndənin “bir nəfərə qarşı sui-qəsd təşkil etmək üçün 3 oldu silahı neynirdiz, bu qədər silah nəyinizə lazım idi?” sualına cavabında təqsirləndirilən şəxs “bunun nə dəxli var, kişinin belində tapança olar” deyib.
Təqsirləndirilən Səbuhi Şirinovun vəkili Elçin Sadıqov Azər Səricanovdan Fazil Mustafanın hansı hərəkətlərinin onu qane etmədiyini soruşub: “Mənim dinimi təhqir edənin əllərini kəsərəm.”.
Elçin Sadıqovun “Fazil Mustafanın siyasi kursundan məlumatlı idizmi?” sualına təqsirləndirilən “ Nurçu kimi tanıyıram”,- deyə cavab verib.
Məhkəmə tərkibinə daxil olan hakim Azər Tağıyevi maraqlandıran məsələ müttəhimin nəyə görə məhz İrana gedib-gələndən sonra bu cinayəti icra etməsi olub. Təqsirləndirilən şəxs deyib ki, sui-qəsddən sonra icraçılara problem yarana bilərdi, onların ölkədən çıxışında problem yaranmasın deyə İrana gedib.
Azər Səricanov yekun olaraq əməlindən peşman olmadığını qeyd edib: "Əməlimdən qətiyyən peşman deyiləm! Vəssalam!”.
Daha sonra sərbəst ifadə verən təqsirləndirlilən Rəşad Əhmədov bildirib ki, “Təqsirləndirilən şəxslərdən Azər Səricanovu tanıyıram. Digər təqsirləndirilən şəxsləri tanımıram".
Rəşad Əhmədov bildirib ki, özünü yalnız silah saxlamaqda təqsirli bilib: "Azər Səricanov mənə silahı verdi, dedi ki, saxla, lazım olanda gəlib götürəcəm. Azər Səricanov həbs olunandan sonra gözüm qorxdu. Getdim İstanbula, oradan da Tehrana getdim. 10 gün orada qaldım. Azərbaycanda baş verənləri sosial şəbəkələrdə izlədim. 10 gün Qum şəhərində qalandan sonra Azərbaycana gəldim".
Daha sonra Rəşad Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə açıqlanıb. Həmin ifadədən məlum olur ki, uşaqlıq dostu Valeh İsmayılov uzun illər əvvəl Suriyaya döyüşməyə gedib, orada müharibədə bir müddət iştirak edəndən sonra Azərbaycana yox, İrana gedib, həmin vaxtdan da İranda yaşamağa başlayıb: "Amma Valehlə əlaqəmiz var idi. Onunla sosial şəbəkələrdə yazışırdıq. Qumda Valehlə oteldə görüşmüşük. Həmin görüşdə Azər Fazil Mustafanı öldürmək planını mənə, mən Valehə dedim. Həmin vaxt Valeh bu işin görülməsi üçün 30 min dollar mənə verdi. Mən də həmin pulu gətirərək Azər Səricanova verdim. Amma Valeh pulu verəndə belə şərt qoydu ki, iş alınmasa pulu qaytarmalıyam, əgər iş baş tutsaydı, İrana gəlib yaşayacaqdım. Daha sonra Azərbaycanda strateji obyektlərin fotolarını çəkməyi tapşırdı. Mən də onun dedikləri yerləri çəkdim".
Rəşad Əhmədov bildirib ki, strategi obyektlərin şəkillərini Valehə göndərməyib: Telefonuna proqram yükləmişdim. Pilot, hərbçi olmaq istəyirdim. Buna görə də proqram telefonuma yükləmişdim. Hərbi hisslərin, strateji obyektlərin şəkillərinə baxırdım. Həvəsim var idi. Həmin proqramı da Valehin proqramına yerləşmişdim ki, o da istədiyi yerə baxsın".
Rəşad Əhmədov bildirib ki, Azər Səricanova biznes əlaqəsi olub
Növbəti proses martın 1-də davam edəcək.
İttihama görə, Azər Səıicanov və digər təqsirləndirilən şəxslər İranın Rey şəhərində olarkən "Hüseyniyyun" qrupunun üzvləri ilə dini baxışlarına görə millət vəkili Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq və ondan qisas almaq məqsədilə sui-qəsd planını müzakirə ediblər. Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə 2022-ci ildə “Kalaşnikov” konstruksiyalı avtomat silah əldə ediblər.
Terror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gətirib. Plana əsasən o, həmin vəsaiti daha sonra Azər Səricanova verib.
Hadisədən əvvəl Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. Azər Səricanov hadisədən öncə terror aktında istifadə ediləcək tapanca silahı özünə götürüb, avtomat silahı isə Səbuhi Şirinova verib.
Daha sonra Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. Orada Səbuhi Şirinov Fazil Mustafaya 7 dəfə atəş açıb.
Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Hadisədən sonra Azər Səricanov ona verilən 30 min ABŞ dollarını şəhərin müxtəlif istiqamətlərində dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova verib.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.