“Nələrsə etməyə çalışırıq, amma əvvəlki həvəs yoxdur…” - Yubiley söhbəti

 “Nələrsə etməyə çalışırıq, amma əvvəlki həvəs yoxdur…” - Yubiley söhbəti

Azərbaycanın tanınmış hərbi diktoru, hərbi-vətənpərvərlik mahnılarının sevilən ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı 65 illik yubileyini qeyd edir. Bu münasibətlə Şəmistan bəylə əlaqə saxlayıb doğum gününü təbrik etdik. Fürsətdən istifadə edib bir neçə suala da cavab tapdıq: 

-    Şəmistan bəy, fəaliyyətə diktor kimi başlamısınız. Bəs, ifaçılığa maraq necə yarandı?

-    Bu  barədə bir neçə dəfə demişəm, təkrar olmasın. Onu deyim ki, ifa etdiyim ilk mahnı Şahin Musaoğlunun bəstələdiyi “İgid əsgər, möhkəm dayan” mahnısı Milli Qəhrəman Yusif Mirzəyevə həsr olunub. 

-    İfaçılığa Qarabağ müharibəsi dövründə başlamısınız. “İgid əsgər, möhkəm dayan”, “Cənab leytenant”, “Vətən əmanəti”, eləcə də digər məşhur mahnıları 1990-2000-ci illərdə də oxuyurdunuz, indi də oxuyursunuz. Bu gün işğala son qoyulub. Hisslər dəyişibmi, real vəziyyət emosiyalara təsir edirmi?

-    Əlbəttə… Qələbə qazanmışıq. İndi çalışırıq ki, eyni mahnıları qələbə ab-havasında ifa edək. Həmin mahnılar əsgərlərə xitabdır. Vəziyyət dəyişib, amma vətənpərvərlik mahnılarını ifa etməyə yenə də ehtiyac var.

-    Fəaliyyətinizə bir müddət Türkiyədə davam etmisiniz. Nələrə nail oldunuz? Türkiyə mühiti türk dünyasında daha çox tanınmağınızda rol oynadımı?

-    “Diriliş Ərtoğrul” tarixi serialının 4 seriyasında çəkildim, ozan rolunda. Bilirsiniz də dünyaca məşhur filmdir, Azərbaycanda da sevildi. Filmdə 4 mahnım səsləndi.  

-    Sizi ekranlarda çox görə bilmirik. Yaradıcılığınızda nə yeniliklər var?

-    Əvvəlki kimi deyil, əvvəlki həvəs yoxdur, deyərdim.  Hərdən nələrsə etməyə çalışırıq. Torpaqlarımız işğaldan azad olunub. Qələbə əhval-ruhiyyəsində bəzi mahnılar yazmağı düşünürük.    

- Müsahibələrinizin birində qeyd etmisiz ki, o vaxtlar televiziyalara hərbi-vətənpərvərlik ruhunda verilişlərin yayımlanması üçün layihələr təklif etmişdiniz, amma nədənsə soyuq qarşılandı. Sizcə, səbəb nə idi?

- Bu barədə danışmayaq. Oldu, keçdi. Səbəbini deməyəcəyəm. Gəlin, xoş hadisələri yada salaq. Yaşasın Azərbaycan ordusu, yaşasın Azərbaycan xalqı! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin! 

- Seçki ərəfəsindəyik. Növbədənkənar prezident seçkilərinin keçirilməsinin əhəmiyyəti barədə nə düşünürsünüz?

- Bu mənə aid sual deyil, əzizim, siyasi sualdır. Sizə uğurlar arzu edirəm, çox sağ olun diqqətinizə görə!
 

15:15 - 5 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin