Türkiyənin Kahramanmaraş şəhərində inşası edilən Azərbaycan məhəlləsindən işlər sürətlə davam etdirilir.
Türkiyə mətbuatında dərc olunan xəbərdə qeyd olunur ki, artıq üç yaşayış binasının təməlqoyması yekunlaşıb, yeddi yeni binanın təməlinin qoyulması istiqamətində işlər davam etdirilir.
Qeyd olunur ki, ərazidə 2 mindən çox yaşayış binası yerləşəcək ki, bunun da vəsaiti Azərbaycan dövləti tərəfindən təmin ediləcək.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il noyabrın 22-də 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanunu imzalayıb.
Qeyd edək ki, ötən il fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.
Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.