Bu gün əfsanəvi hakim Tofiq Bəhramovun anadan olmasından 99 il ötür

 Bu gün əfsanəvi hakim Tofiq Bəhramovun anadan olmasından 99 il ötür

Bu gün Tofiq Bəhramovun anadan olmasından 99 il ötür.

Asayis.az xəbər verir ki, dünya futbol tarixinə “Qızıl fit” alan yeganə laynsman kimi düşən azərbaycanlı futbol hakimi Tofiq Bəhramov 1925-ci ilin bu günü, yanvarın 29-da Ağdamda dünyaya göz açıb.

O, futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub.

Lakin o, ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub. Ancaq futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib. Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Tofiq Bəhramova dünya şöhrəti gətirən oyun isə 1966-cı il İngiltərədə keçirilən dünya çempionatının final qarşılaşması olub. Almaniya-İngiltərə final qarşılaşmasında yan xətt hakimi kimi yaşıl meydanda olan Tofiq Bəhramov qarşılaşmada Cef Hertzin qapı xəttindən keçən qolunu qeydə almışdı. 

Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.

Əfsanəvi azərbaycanlı futbol hakiminin haqqında sənədli film də çəkilib, ingilis yazıçısı Artur Hopkraft özünün ən məşhur “Futbol adamı” kitabını Azərbaycan arbitrinə həsr edib.

Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hazırda Azərbaycanda ölkənin bir nömrəli idman arenası – Respublika stadionu Tofiq Bəhramovun adını daşıyır.

Dünyada hakimlər içərisində ilk dəfə 2004-cü ildə məhz ona abidə ucaldılıb.

Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib

 

15:45 - 29 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin