Ağstafada bıçaqlanan şəxsin zənginə təcili yardımdan CAVAB: “Maşın yoxdur, özün gəl” - VİDEO

 Ağstafada bıçaqlanan şəxsin zənginə təcili yardımdan CAVAB: “Maşın yoxdur, özün gəl” - VİDEO

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. 37 yaşlı Nuran Saleh oğlu Babayev tanışı tərəfindən bıçaqlanıb. Hadisə Ağstafa ərazisindəki çayxanalardan birinin qarşısında baş verib. Bıçaqlanan Nuran Babayev M.T.Məmmədov adına Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə zəng vurub və təcili yardım maşını göndərmələrini istəyib. Xəstəxanadan yaralı şəxsə isə: “Maşınımız yoxdur, özün gələ bilirsənsə, gəl”, - deyilib.

Yaralı şəxs sürünə-sürünə özünü xəstəxanaya yetirməyə çalışıb. Huşunu itirdiyindən yola davam edə bilməyib. Gözünü açanda isə özünü xəstəxanada görüb.

Son vaxtlar ölkədə təcili tibbi yardımın işi ilə bağlı müxtəlif məzmunlu şikayətlərin çoxalması məsələni yenidən aktuallaşdırıb. Sözügedən məsələdə isə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin yaralı xəstənin çağırışına məsuliyyətsiz yanaşması problemin ciddiliyindən xəbər verir.

Asayis.az xəbər verir ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin dispetçeri Səbinə Əhmədova Bizim.media-ya açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Bizim briqadalarımız çağırışda olduğuna görə “maşınımız yoxdur” yox, sadəcə, “yanınızda adam varmı, onunla gələ bilərsinizmi?” deyilib. Xəstə isə yaralı olduğu üçün gələ bilmədiyini, biz isə “gözləyin, görək nə edirik” demişik. Heç beş dəqiqə olmayıb, bizdən maşın, Terapiya Şöbəsindən isə tibb bacısı göndərilib və xəstəni gətirmişik. O qədər məsafəni xəstə sürünüb gələ bilməz. Çünki ora çox kiçik məsafədir və 100 metri yanlış cümlə ilə ifadə edir. Sadəcə, küçədən yola çıxıb”.

Səbinə Əhmədovanın sözlərinə görə, rayon üzrə iki təcili yardım briqadası fəaliyyət göstərir:

“Əlavə feldşerlərimiz də olur və belə hadisələr baş verəndə onları göndəririk. Həmin hadisə vaxtı feldşerimiz də olmayıb. İki briqadamız isə çağırışda olub. Buna görə başqa maşın və həkim təşkil edib xəstəni yoldan götürmüşük”.
Məlumat üçün bildirək ki, 01.01.2013-cü il tarixinə olan məlumata görə, Ağstafa rayonunun əhalisi 82 min 702 nəfər təşkil edir. Rayon əhalisinin 20 min 435-i şəhərdə, 62 min 267-si kənddə yaşayır.

Rayonda iki təcili yardım briqadasının olması 80 mindən yuxarı əhali sayına nisbətdə çox azdır və sadəcə, faciəvi durumdur. Bəs səbəb nədir?

Məsələyə isə cavabdeh qurumlar aydınlıq gətirməlidirlər.

Problemlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərsək də, bu mövzuda heç bir cavab ala bilməmişik.

 

VİDEO

16:00 - 26 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin