KTMT qüvvələri Qazaxıstandan çıxır

 KTMT qüvvələri Qazaxıstandan çıxır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kontingentinin Qazaxıstandan çıxarılması üçün hazırlıqlara başlanılıb.


"Interfax" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. “Qazaxıstan Respublikasında tapşırıqları yerinə yetirən KTMT-nin kollektiv sülhməramlı qüvvələri texnika və materialları Rusiya kosmik qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarələrinə yükləmək və daimi dislokasiya məntəqələrinə qayıtmaq üçün hazırlıqlara başlayıb”, - deyə nazirlikdən bildirilib.
KTMT qüvvələrinin ölkələrinə qaytarılması prosesi Qazaxıstan tərəfi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Həmçinin ölkənin strateji obyektlərinin mühafizəsi Qazaxıstanın təhlükəsizlik qüvvələrinə təhvil verilir.
Bu gün KTMT-nin Hərbi idarə rəisləri şurasının video-konfrans formatında növbədənkənar iclası keçiriləcək. İclasda təşkilatın qüvvələrinin Qazaxıstandan çıxarılması prosesinin təsdiqlənəcəyi gözlənilir.
Qeyd edək ki, 2022-ci ilin ilk günlərində Qazaxıstanın qərbində yerləşən Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin bahalaşmasına qarşı etiraz aksiyaları başlayıb. Sonradan digər regionlara, o cümlədən respublikanın ən böyük şəhəri Alma-Ataya yayılan aksiyalar iğtişaşlara çevrilib. Qazaxıstan hökuməti istefaya göndərilib və respublikada fövqəladə vəziyyət rejimi elan olunub. Prezident Kasım-Jomart Tokayev Qazaxıstana hərbi dəstək göstərilməsi üçün KTMT-yə müraciət edib.

14:53 - 13 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin