Zəfər yürüşümüz davam etdirilməlidir!

 Zəfər yürüşümüz davam etdirilməlidir!

Müdrik və qədirbilən xalqımız fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində yurdumuzun daha parlaq gələcəyi naminə öz yenilməz iradəsini növbəti dəfə dünyaya bəyan edəcək.

Ölkəmizin bütün əhalisi, ümumiyyətlə Yer kürəsində sayı 60 milyonu aşan böyük Azərbaycan xalqı bu seçkiləri böyük ruh yüksəkliyi və xüsusi coşğu ilə qarşılayır. Müstəqillik dövründə Azərbaycan ilk dəfədir ki, öz ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu şəraitdə Prezident seçkilərinə gedir.

Hər bir Vətən övladı qürür və sevinc içərisindədir. Zəmanəmizin böyük dövlət xadimi, xalqımızın qəhrəman oğlu İlham Əliyev ilk dəfədir ki, son 200 il ərzində xalqımıza qarşı davamlı olaraq kütləvi qırğınlar, soyqırımlar, deportasiyalar, ərazi işğalları həyata keçirən və “böyük Ermənistan” xülyası ilə yaşayan erməni faşistlərinin arzularını gözlərində qoydu. Doğma xalqına arxalanan Müzəffər Ali Baş Komandanın başçılıq etdiyi Milli Ordumuz Qarabağın dağlıq hissəsini daşnak cəlladlarından təmizlədi. Şanlı bayrağımız yaxın keçmişdə separatçı dönüklərin və daşnak quldurlarının yuva salmış olduğu Xankəndi şəhərində əzəmətlə dalğalanır. Pənahəli xan Cavanşirin Qarabağ xanlığının paytaxtına çevirdiyi qədim Şuşamız azaddır. Cənnətməkan Qarabağımızda böyük quruculuq işləri gedir.

Vətən müharibəsindəki böyük tarixi qələbəmiz nəticəsində Cənubi Qafqazın tarixi inkişafı kökündən dəyişdi. Bütün regionun beynəlxalq münasibətlər tarixində yeni reallıqlar yarandı. Azərbaycan-Türkiyə qardaşlıq ittifaqı Cənubi Qafqaz tarixinin həlledici amilinə çevrildi.

Xalqımız böyük qürur hissi keçirir ki, Cənubi Qafqazın və bütün Türk dünyasının gələcəyi üçün çox mühüm əhəmiyyəti olan yeni tarixi reallığı müasir dünyanın böyük dövlət xadimi, xalqımızın qəhrəman oğlu İlham Əliyev həyata keçirdi. Heydər Əliyev inkişaf strategiyasını uğurla və yaradıcılıqla davam etdirən dövlət başçımız erməni-faşist işğalçılarını Qarabağımızdan qovub çıxartmaq üçün 20 il ərzində dönmədən, davamlı olaraq son dərəcə çətin və ağır sınaqlarla dolu şanlı mübarizə yolu keçdi: öncə düşmən üzərində təkzibolunmaz elmi əsaslara malik olan informasiya müharibəsində qələbə qazandı; İlham Əliyev diplomatiyası dünya meydanında həm erməni qəsbkarlarını, həm də onların havadarlarını sarsıdıcı məğlubiyyətlərə uğratdı; Azərbaycan Prezidenti, Ali Baş Komandan, cəsur və müdrik sərkərdə qəhrəman əsgərlərimizi - Milli Ordumuzu döyüş meydanında qələbədən-qələbəyə qovuşdurdu; doğma xalqımızın Qalib Xalq adını yenidən özünə qaytardı. Müzəffər Ali Baş Komandan, Qarabağın xilaskarı, Qalib sərkərdə İlham Əliyev Azərbaycanın yüzillər boyunca yetişdirdiyi xalq qəhrəmanları sırasında ən uca zirvəni fəth etdi!

Erməni faşizminin diz çökdürülməsi, dünya erməniliyinin qondarma “Artsax” layihəsinin tarixin tullantısına çevrilməsi İlham Əliyevin başçılıq etdiyi Zəfər yürüşünün tariximizə həkk olunmuş qızıl səhifələridir. Lakin Zəfər yürüşü hələ başa çatmayıb. Bizi hələ həyatın bütün sahələrində dərin islahatlar dövrü, Böyük Azərbaycan intibahı gözləyir. Vətən torpağını erməni faşistlərindən azad edərkən əldə etdiyimiz tarixi qələbəni ABŞ, Fransa və Qərbin digər xristian fundamentalistləri həzm edə bilmirlər. Anti-Azərbaycan qüvvələri erməni revanşistlərini yenidən fəallaşdırırlar. Odur ki, Zəfər yürüşümüz davam etdirilməlidir. Bu, asan olmayan tarixi yürüşdür. Qədim yurd yerimiz Qərbi Zəngəzur - Turan qapısı bizim növbəti Zəfər yürüşümüzü gözləyir. Bu müqəddəs tarixi yürüşdə də xalqımızı zəfərə Qarabağın xilaskarı, xalq qəhrəmanı İlham Əliyev qovuşdura bilər.

Qarşıdakı Prezident seçkilərində Qarabağın xilaskarı, Qalib sərkərdə İlham Əliyevə səs verək, onun ətrafında daha sıx birləşək və Zəfər yürüşümüzü davam etdirək! 

15:00 - 17 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin