Özündən çox başqalarını düşünən insanlar — Bu, sindromdan xəbər verir

 Özündən çox başqalarını düşünən insanlar — Bu, sindromdan xəbər verir

Sağlam münasibətlər üçün hər zaman empatiya qurmağın vacibliyindən danışırıq. Lakin insanları anlamaq üçün çox səy göstərmək də hiper empatiyaya səbəb ola bilər. Bu sindrom insanda hansı problemlərə yol aça bilər? Asayis.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı "ALTER" Psixologiya və Təlim mərkəzinin təsisçisi və direktoru psixoloq Əli Xəlilov maraqlı məqamlara toxunub. O, Demokrat.az-a açıqlamasında deyib ki, empatiya hissi bütün münasibətlərdə vacib amildir:

“Empatiya sözü yunan dilindən tərcümədə başqalarının hiss və emosiyalarını yaşaya bilmək deməkdir. Biz adətən empatiya dedikdə mənfi halları nəzərdə tuturuq, çünki başqasının yerində olub onun ağır vəziyyətini anlamaq daha çətindir. Tək insanlarda deyil, bir çox canlılarda empatiya hissi var – itlər, delfinlər, fillər, meymunlarda bu hiss daha qabarıqdır. Həddən artıq empatiya hissinə sahib olmaqsa həm insanın özünə, həm də münasibətə zərərdir. Çoxları bunu anlamır. Bu cür insanlar bilərəkdən və ya düşünmədən başqalarını daha çox məmnun etmək istəyir, onların problemlərinə daha çox can yandırırlar özlərinin yetəri qədər problemləri olsa belə. Münasibətlərdə belə insanlar qarşı tərəfin daha çox qayğısına qalmağa çalışır və özünü arxa plana atırlar. Belə insan xoşbəxt ola bilməz, çünki başqalarının kədəri, problemi ona daha çox təsir edir”. 

Psixoloq onu da nəzərə çatdırıb ki, bu xarakterdə olan insanlar ətrafdakıların təsiri altına tez düşür, onların fikirlərinə başqaları tərəfindən müdaxilə olunur, başqaları tərəfindən idarə oluna bilirlər:
“Başlıca problem odur ki, hiper empatiya hissinə sahib olanlar öz ehtiyacları ilə digərlərinin ehtiyacları arasında olan sərhədi itirir. Bu da münasibətlərdə problemlər yaradır. Onun öz problemlərini unudub başqasının problemlərini həll etməyə çalışması qarşı tərəfə heç də xoş olmur. Bu, sui-istifadə hallarına da yol aça bilir. İnsan istəyir ki, başqalarını məmnun etməklə içindəki boşluğu doldursun, özünü dəyərli hiss etsin. Bu da özünə inamsızlıqdan irəli gəlir. Yardım etmək istədiyi şəxs bundan imtina edə bilər, nəticədə bu sindromdan əziyyət çəkən şəxs ruh düşkünlüyünə uğrayır. Mütəmadi bu hissdən əziyyət çəkən insan mütəxəssisə müraciət etməlidir, çünki düşdüyü vəziyyətdən çıxmaya bilər. Belə insanlara emosional gigiyenalarını qoruya bilməyi tövsiyə edirəm. Özlərini olduqları kimi qəbul etməlidirlər bütün çatışmazlıqları ilə birgə. Belə insanlar özlərinə xoşbəxt olmağa icazə vermir. Empatiya hər bir insanda olmalıdır, hiper empatiyanı isə heç kimə arzu etmirəm”.

Törə Zeynallı
Demokrat.az

16:45 - 17 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin