“Uşaqların uşaq evindən qaçmasının qarşısını almaq mümkün olmaya bilər” — Hüquqşünas

 “Uşaqların uşaq evindən qaçmasının qarşısını almaq mümkün olmaya bilər” — Hüquqşünas

Ötən gün Bakıda 3 saylı uşaq evində 14 yaşlı oğlan itkin düşüb. Polisin axtarışlarından sonra yeniyetmə Ağayev Cümşüd Elşad oğlu tapılaraq uşaq evinə təhvil verilib. Fakt üzrə araşdırma aparılır.

Asayis.az xəbər verir ki, Hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə uşaq evindən uşaqların itkin düşməsi halları geniş yayılmasa da baş verən hadisənin bir neçə səbəbi ola bilər.

O, Demokrat.az-a açıqlamasında deyib ki, uşaq evlərinin təhlükəsizliyi daha çox orada yaşayanların özlərindən asılıdır:




“Uşaq evlərinə kameralar quraşdırılsa da ora tam qapalı mühit deyil. Uşaqların sərbəstliyi təmin olunur, onlar müəssisədən kənara çıxa bilirlər. Uşaqların oradan qaçmasının qarşısını almaq mümkün olmaya bilər. Belə müəssisələrdə təhlükəsizlik həm oranın rəhbərliyindən, həm də sakinlərindən asılıdır. Əgər kimsə qaçırsa, o demək deyil ki, təhlükəsizlik zəifdir. Ola bilər ki, kimsə həmin uşaqla pis davranıb, o da qaçmağa qərar verib, istisna hal deyil. Uşaq yaşıdları tərəfindən basqıya da məruz qala bilər və ya tanıdığı yaxınlarının təsirinə düşmüş ola bilər. Uşağın hansı məqsədlə çıxıb geri qayıtmamasını araşdırmaq lazımdır. Hər bir halda bu kimi halların az olması onu deməyə əsas verir ki, orada yaşayanların təhlükəsizliyi üçün elə də ciddi təhdid yoxdur. Əgər əvvəllər də həmin müəssisədə oxşar hal yaşanıbsa, bunun da səbəblərini tədqiq etmək lazımdır”.

Törə Zeynallı
Demokrat.az

15:30 - 16 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin