Hacıqabul, Ucar və Kürdəmirdə fərdi təsərrüfatlardan silsilə oğurluq edən dəstə ifşa olunub. Bu barədə Asayis.Az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Hacıqabul rayonunun Padar qəsəbəsi və Atbulaq kəndi ərazisində yerləşən 2 fərdi təsərrüfatdan 6 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 4 000 manatdan artıq maddi ziyan vuran üç nəfər saxlanılıb.
Araşdırmalarla onların Ağdam rayon sakini Əvəz Qurbanov, Bərdə rayon sakini Fariz İbrahimov və Tovuz rayon sakini Akif Quliyev olduqları müəyyən edilib.
Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, adları çəkilən şəxslər ötən ilin noyabr ayı ərzində Ucar və Kürdəmir rayonları ərazisində analoji cinayət əməlini törədərək 3 fərdi təsərrüfatdan 6 xırdabuynuzlu və 3 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar.
Üç rayon ərazisindən ümumilikdə 16 heyvan oğurlayan Əvəz Qurbanov, Fariz İbrahimov və Akif Quliyev heyvanları sonuncuya məxsus nəqliyyat vasitəsi ilə Bakı şəhəri apararaq F.İbrahimov işlətdiyi ət məhsullarının satışı məntəqəsində satıblar, əldə etdikləri pulları isə öz aralarında bölüblər.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ə.Qurbanov, F.İbrahimov və A.Quliyev bundan əvvəllə törətdikləri müxtəlif cinayət əməllərinə görə məhkumluq həyatı yaşayıblar.