Maştağa, Binə, Suraxanı, Əmircan və Zirə sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR

 Maştağa, Binə, Suraxanı, Əmircan və Zirə sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR

2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının yenidən qurulması, o cümlədən Biləcəri stansiyası ilə Mərkəzi Bakı Stansiyası arasında Şimal-Cənub istiqamətindəki dəhliz boyu 4 yeni stansiyanın tikintisi və Sumqayıta qədər uzanan xəttin üzərində Xırdalan şəhəri ərazisində yeni stansiyanın inşası nəzərdə tutulur.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndi və Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, “Qaradağ-Güzdək”, “Zabrat-Maştağa-Zağulba” dəmiryolu dəhlizlərinin yaradılması, habelə
Qaradağ rayonu ərazisində və Xocasən qəsəbəsində yeni dəmir yolu stansiyalarının yaradılması nəzərdə tutulur.

Bunlarla yanaşı, dəmir yol şəbəkəsinin inkişaf etdirilməsi və ictimai nəqliyyat əlaqələndirməsində rolunun artırılması üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yeni dəmiryol xəttinin inşası, o cümlədən Hövsan dəmiryol stansiyasının fəaliyyətinin bərpası nəzərdə tutulur.

Şəhər mərkəzinin yarımadanın şimal istiqaməti ilə birbaşa dəmiryol bağlantısının təmin edilməsi və dəmiryol nəqliyyatının əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2040-cı ilədək yeni “Binəqədi-Mehdiabad-Fatmai-Pirşağı” dəmiryolu dəhlizinin yaradılması planlaşdırılır.

2040-cı ilədək Bakı şəhəri üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğunun təqribən 195,4 km-dən 338,6 km-ə, stansiyaların sayının isə 26-dan 54-ə çatdırılması nəzərdə tutulur.

Eyni zamanda 2040-cı ilədək şəhər ətrafında dəmir yolu xətlərinin uzadılması (daha uzaq ərazilərə qədər) nəzərdə tutulub:

• Cənub-şərq və şimal-şərq istiqamətlərində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə
dairəsinin genişləndirilməsi;
• relsli ictimai nəqliyyat əlaqəsinin gücləndirilməsi (inkişaf etməkdə olan və ya potensial
turizm ərazilərində).
Şəhər ətrafında yeni dəmir yolu stansiyalarının inşası:
• nəzərdə tutulan inkişaf ərazilərində relsli nəqliyyatın əhatə dairəsinin genişləndirilməsi;
• dəmir yolu əlçatanlığının artırılması.

17:30 - 8 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin