Baş Prokurorluq “161-Qaynar xətt” əlaqə mərkəzinin ödənişli əsaslarla fəaliyyət göstərməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Baş Prokurorluqdan bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
"Bəzi çap media vasitələri və internet informasiya resurslarında Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinin ödənişli əsaslarla fəaliyyət göstərməsi barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, qeyd edilən əlaqə vasitələri ödənişsizdir, vətəndaşlar istənilən mobil operatorlardan və stasionar telefonlardan zəng etməklə müraciətlərini edə bilərlər.
Bir daha bütün media subyektlərinə müraciət edərək bildiririk ki, gələcəkdə bu qəbildən neqativ hallara yol verildikdə tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcəkdir", - qurumdan qeyd olunub.