Nəyə görə 5-6 yaşa qədər uşaqlar daha çox xəstələnir? - İnfeskionistdən açıqlama

 Nəyə görə 5-6 yaşa qədər uşaqlar daha çox xəstələnir? - İnfeskionistdən açıqlama

Kəskin respirator virus infeksiyaları (KRVİ) kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Əsasən, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur.

Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, rotavirus, respirator sinisitial, rivovirus, reovirus və s. aiddir.

Xəstələnmə ən çox 5 yaşa qədər uşaqların payına düşür. Bu, həmin yaş qrupuna aid artıq kəskin respirator virus infeksiyalarına yoluxan uşaqların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Təkrar xəstələnmə halları uşaq orqanizminin mühafizə qüvvəsinin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur.

Asayis.az  medicina.az-a istinadən xəbər verir ki, Elmi-Tədqiqat Pediatriya Institutunun həkim-infeksionisti Günay Əliyeva açıqlama verib.

"Kəskin respirator virus infeksiyalarının yayılması daha çox yaz və payız aylarında müşahidə edilir. Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir.

Yenidoğulmuşlar və 6 aya qədər uşaqlar digər yaşdakı uşaqlara nisbətən təcrid olunduğuna görə və anadan transplasentar yolla alınmış passiv immunitet saxlanıldığından xəstəliyə daha az hallarda yoluxurlar. Anadangəlmə immunitet zəif olduğu hallarda yenidoğulmuş və xüsusilə erkən doğulmuş uşaqlar da KRVİ ilə xəstələnə bilər.

Qeyd etmək istərdim ki, qızılca xəstəliyinin xüsusi müalicəsinin olmamasına baxmayaraq, uşağın immunitetinin gücləndirməsi, simptomları yüngülləşdirməsi və fəsadların aradan qaldırılması mümkündür.

Valideynləri övladlarının sağlamlığına artıq dərəcə diqqətli olmağa çağırıram. Qızılcadan qorumaq və infeksiyanın qarşısını almaq məqsədilə onlar mütləq olaraq 1 və 6 yaşlarında iki dəfə peyvənd edilməlidir.

Tövsiyə olunur ki, valideynlər uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər.

Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.

Müəyyən səbəblərdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə gecikmədən peyvəndin 2-ci dozasını almalıdırlar.

Eyni zamanda, peyvəndin hər iki dozasını vaxtında almamış 10 yaşınadək uşaqlara peyvəndin 1-ci və 2-ci dozaları ən azı 4 həftəlik fasilə ilə aparılmalıdır.

Yuxarı tənəffüs yollarının kəskin iltihabını törədən bu xəstəliklərin müalicəsi simptomatikdir. Yəni, xəstəliyin simptomlarını azaltmağa, xəstəliyi daha yüngül keçirməyə, ağırlaşmaların qarşısını almağa yönəlikdir.

KRVİ virusları tərəfindən törədildiyindən, antibiotik təyini əsassızdır. Lakin bəzi hallarda ikincili infeksiya qoşularsa, ağırlaşma verə bilər.

Bunlardan otitləri, sinusitləri, pnevmoniyaları, meningitləri və s. göstərmək olar. Bu zaman ağırlaşmaların qarşısını almaq üçün həkim məsləhəti ilə antibiotik terapiya təyin olunmalıdır".

Həkim mövsümi xəstəliklərdən qorunmaq üçün valideynlərə tövsiyələr verib:

"Profilaktik tədbirlərə əməl edərək KRV xəstəliklərindən qorunmaq mümkündür. Bu xəstəliklər, ilk növbədə, hava-damcı yolu ilə yoluxduğu üçün tənəffüs yollarını qoruyan gigiyenik vasitələrdən, yəni tibbi maskalardan istifadə etmək lazımdı.

İkinci yoluxma yolu isə kontakt yoludur. Bunun üçün əllərinizi tez-tez yuyun. İnsanların çox olduğu qapalı yerlərə mümkün qədər az gedilməli, evlərdə, ofislərdə otaqların havası tez-tez dəyişdirilməlidir.

Həmçinin, immun sisteminizi yaxşı vəziyyətdə saxlamaq üçün balanslı qidalanmalı, yuxu rejiminə düzgün riayət etməli, stresdən və zərərli vərdişlərdən uzaq olmaq lazımdı.

Xəstəliklərə yoluxma və onları ağır keçirmə əksər hallarda immun sisteminin zəifləməsi ilə əlaqədar olur. Bu qaydalara riayət edərək virus xəstəliklərini yüngül keçirə və heç yoluxmaya bilərik.

Bununla belə, uşaqları yoluxucu xəstəliklərdən qorumağın ən yaxşı yollarından biri də peyvəndlərdir. Peyvəndlər erkən yaşda aparılmalıdır, çünki bu yaşda uşaqlar təhlükəli xəstəliklərə daha çox məruz qalırlar".

12:30 - 7 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin