11,2 milyon insan inyeksion narkotik vasitələrdən istifadə edir - HESABAT

 11,2 milyon insan inyeksion narkotik vasitələrdən istifadə edir - HESABAT

Dünyada 11,2 milyon insan inyeksion narkotik vasitələrdən istifadə edir. İnyeksion narkotik istifadəsi nəticəsində həmin insanların təxminən yarısı hepatit C, 1,4 milyonu HİV, 1,2 milyonu isə hər iki virusa yoluxub. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC)  2022-ci il üzrə Dünya Narkotik Hesabatında yazılıb.

 

Hesabata görə, 2020-ci ildə dünyada 15-64 yaşlı təxminən 284 milyon insan narkotik vasitələrdən istifadə edib ki, bu da əvvəlki on illə müqayisədə 26%  artım deməkdir. Sənədə görə, gənclər daha çox narkotik istifadə edirlər. Afrika və Latın Amerikasında 35 yaşdan kiçik insanlar narkotik istifadəsi pozğunluğundan müalicə olunan insanların böyük qismini əhatə edir. 

 

"Qlobal fövqəladə vəziyyətlər bu sahədəki boşluqları dərinləşdirsə də, qeyri-qanuni narkotiklərin istehsalı və müsadirələrinin sayı rekord həddə çatıb. Eyni zamanda, problemin miqyası və bununla bağlı zərərlər barədə yanlış təsəvvürlər insanları müalicədən uzaqlaşdırır, gəncləri zərərli davranışlara sövq edir. Biz dünya narkomaniya probleminin bütün aspektlərinin həllinə lazımi resursları və diqqəti sərf etməliyik", - o bildirdi.

 

Hesabatda beynəlxalq ictimaiyyətin, hökumətlərin, vətəndaş cəmiyyətinin və bütün maraqlı tərəflərin narkotiklərdən istifadənin qarşısının alınması, müalicəsinin gücləndirilməsi və qeyri-qanuni narkotik tədarükü ilə mübarizə də daxil olmaqla insanları qorumaq üçün təcili tədbirlər görməyə cəlb edilməsinin vacibliyi vurğulanır. 

 

Marixuananın leqallaşdırılmasının ilkin əlamətləri və təsirləri

 

Şimali Amerikada marixuananın leqallaşdırılması, ondan gündəlik istifadə  gənclər arasında artıb. Psixiatrik pozğunluqları, intiharları və xəstəxanaya yerləşdirilmə halları ilə əlaqəli artımlar da hesabatda öz əksini tapıb. Qanuniləşdirmə həm də vergi gəlirlərini artırdı və marixuana saxlamağa görə həbs müddətini azaldıb.

 

Narkotik istehsalı və ticarətində davamlı artım

Kokain istehsalı 2020-ci ildə rekord həddə çatıb. Belə ki, 2019-cu illə müqayisədə 11%  artaraq 1982 tona bərabər olub. Kokain ələ keçirmələri də COVID-19 pandemiyasına baxmayaraq, 2020-ci ildə rekord həddə - 1,424 tona çatıb. 2021-ci ildə qlobal miqyasda ələ keçirilən kokainin təxminən 90%-i konteynerlərdə və ya dəniz yolu ilə dövriyyəyə buraxılıb. Müsadirə məlumatları göstərir ki, kokain alveri Şimali Amerika və Avropanın əsas bazarlarından kənar digər regionlara da genişlənir. Həmçinin, Afrika və Asiyaya bu ticarətin səviyyəsi yüksəlməkdədir.

Metamfetamin alveri coğrafi olaraq da genişlənməkdə davam edir. 117 ölkə 2016-2020-ci illərdə metamfetamin ələ keçirməsi barədə hesabat verib. Amma bu hesabatı verən ölkə sayı 2006-2010-cu illərdə 84-ə bərabər oldu.  2010-2020-ci illər arasında ələ keçirilən metamfetaminin miqdarı 5 dəfə artıb.

Dünya üzrə tiryək istehsalı 2020-2021-ci illər arasında 7% artaraq 7,930 tona çatıb. Bu artım əsasən Əfqanıstanda istehsalın artması ilə əlaqədardır. Bununla belə, eyni dövrdə tiryək əkilən qlobal sahə 16% azalaraq 246,8 min hektara düşüb.

 

Narkotikdən yayılma və istifadənin regionlara görə bölgüsü

Afrikanın və Cənubi və Mərkəzi Amerikanın bir çox ölkəsində narkotik istifadəsi pozğunluqları üçün müalicə alan insanların böyük hissəsi marixuana aludəçisi olub. Şərqi və Cənub-Şərqi Avropada, eləcə də Mərkəzi Asiyada insanlar ən çox opioid istifadəsi pozğunluqlarının müalicəsində olurlar. ABŞ və Kanadada, əsasən fentanilin qeyri-tibbi istifadəsi ilə artıqdozada ölüm halları rekordları qırmaqda davam edir. ABŞ-da ilkin hesablamalar, narkotik maddədən ölənlərin 2020-ci ildə təxminən 92,000-dən çox, 2021-ci ildə 107,000-dən çox olduğunu göstərir. 

Metamfetamin üçün iki ən böyük bazarda həbslər artmaqdadır. Belə ki, Şimali Amerikada əvvəlki illə müqayisədə 7%, Cənub-Şərqi Asiyada isə əvvəlki ilə nisbətən 30% artıb, hər iki regionda rekord həddə çatıb. Cənub-Qərbi Asiyada rəsmi məlumata görə, metamfetamin ələ keçirmələri üçün də rekord həddə çatıb və 2019-cu ilə nisbətən 2020-ci ildə 50 faiz artıb.

Sintetik narkotik istehsalının münaqişə zonalarına təsiri

Bu ilki hesabatda həmçinin vurğulanır ki, qeyri-qanuni narkotik iqtisadiyyatları münaqişə vəziyyətlərində və qanunun aliliyinin zəif olduğu yerlərdə inkişaf edə bilər və öz növbəsində münaqişəni uzada və ya alovlandıra bilər.

Yaxın Şərq və Cənub-Şərqi Asiyadan gələn məlumatlar onu deməyə əsas verir ki, münaqişəli vəziyyətlər istənilən yerdə istehsal oluna bilən sintetik narkotiklərin istehsalı üçün maqnit rolunu oynaya bilər. 

Tarixən münaqişə tərəfləri münaqişəni maliyyələşdirmək və gəlir əldə etmək üçün narkotiklərdən istifadə ediblər. 2022-ci il üzrə Dünya Narkotik Hesabatı da göstərir ki, Balkanlarda və son vaxtlar Ukraynada baş verdiyi kimi münaqişələr də narkotik ticarəti marşrutlarını poza və dəyişə bilər. Münaqişə davam edərsə, Ukraynada amfetamin istehsalı potensialının artması mümkündür.

 

Ətraf mühitə digər təsirlərə qeyri-qanuni koka becərilməsi ilə bağlı əhəmiyyətli meşələrin qırılması, sintetik narkotik istehsalı zamanı əmələ gələn son məhsulun həcmindən 5-30 dəfə çox ola bilən tullantılar və torpağa, suya və havaya birbaşa təsir göstərə bilən tullantıların atılması daxildir. 


Qadınlar qlobal miqyasda narkotik istifadəçilərinin statistikasında aşağı göstərici də qalsa da, onların narkotik istehlakı sürətli artır və kişilərdən daha sürətlə narkotik istifadə pozğunluğuna doğru irəliləyirlər. Qadınlar hazırda amfetamin istifadəçilərinin və əczaçılıq stimulantları, əczaçılıq opioidləri, sedativlər və trankvilizatorların qeyri-tibbi istifadəçilərinin təxminən 45-49 %-ni təşkil edir.

Qadınlar, demək olar ki, hər iki amfetamin istifadəçisindən birini təmsil etsələr də, amfetamin istifadəsi pozğunluqları üçün müalicə alan beş nəfərdən yalnız birini təşkil edirlər.

Ümumdünya Narkotik Hesabatı 2022, həmçinin kokain becərilməsi, kiçik miqdarda narkotiklərin daşınması, istehlakçılara satılması və həbsxanalara qaçaqmalçılıq daxil olmaqla, qlobal kokain iqtisadiyyatında qadınların da rol aldığını vurğulayır.

14:31 - 4 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin