Ötən gecə Göygöl rayonunda 6 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Məlumata görə, hadisə 1994-cü il təvəllüdlü Orxan Hümbətovun idarə etdiyi “Vaz 2107” markalı avtomobil Hacıkənd-Göygöl yolundan Bakı-Qazax magistralına çıxarkən baş verib. Belə ki, Gəncə istiqamətində hərəkət edən minik avtomobili sürətli yola çıxarkən magistralda hərəkətdə olan “Daf” markalı TIR-ın zərbəsinə tuş gəlib. Nəticədə minik avtomobilində olan 6 nəfərin hamısı vəfat edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, minik avtomobilini idarə edən Orxan Hümbətovun sürücülük vəsiqəsi olmayıb. O, Gəncədəki özəl xəstəxanaların birində çalışırmış.
O da məlum olub ki, hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş. Belə ki, sürücü Orxan Hümbətov Samux rayonunun Sərkər kənd sakini olub. O, həyat yoldaşı Sona Hümbətova (1996-cı il), 3 yaşlı oğlu İbrahim, qohumları - Bakı sakini Fidan Nemətli (2000-ci il), Gəncə sakini Aylin Yusifova (2009-cu il) və Goranboy sakini Elsevər Şahməmmədovla ( 2001-ci il) birgə istirahətdən qayıdarkən dəhşətli hadisə baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir