"Yeni il xüsusi bir bayramdır və Azərbaycanda da bu, qeyd olunur. Turistlər Azərbaycana səfər edərkən bunu mütləq qeydə alırlar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında turizm və hotelçilik üzrə mütəxəssis Cabir Dövlətzadə deyib.
Mütəxəssis Yeni il ərəfəsində ölkəmizdəki turizm potensiallarından söz açıb.
Müsahibimizin fikrincə, bayram zamanı qiymətlərin yüksəlməsi normal haldır:
“Çünki müvafiq qiymətlər tələb və təklif əsasında müəyyən olunur. Hotellərin qiymətlərində də 40-50% arasında qiymət artımı görünür. Hazırda mərkəzi hotellərin doluluq dərəcəsi tamdır. Gələn qonaqlar da Yeni ili Bakıda keçirib imkan daxilində müəyyən turlar vasitəsilə regionlara səfər etməyi düşünürlər”.
Ekspert əlavə edib ki, Bakıya gələn turistlərin əksəriyyəti Rusiyadandır:
“Çünki Rusiya buraya yaxın bir bazardır və rusiyalılar Avropaya səfər etməkdə çətinlik yaşadıqları üçün postsovet ölkələrinə üz tuturlar:
“Azərbaycan isə onlar üçün sınanmış bir ölkədir. Ona görə də onların Azərbaycana axınlarının sayı hər il artır. Ruslardan sonra isə ölkəyə Türkiyədən gələnlərin sayında artım özünü büruzə verir. Ərəb zonasından isə daha çox Səudiyyə Ərəbistanı ilk pillədədir. Bu il Avropa və Şimali Amerika ölkələrindən Azərbaycana gələnlərdə də artım özünü göstərir. Xüsusilə də Almaniya və Kanadadan gələn müştərilərin sayəsində hotellərdə yerlər dolur”.
Müsahibimiz söyləyib ki, sərhədlər açılmasa büdcet, yəni daha aşağı büdcəli müştərilərin ölkəyə gəlməsinin imkanı olmayacaq:
“Bunlar daha çox sərhədlərin açılmasına bağlıdır. Ümid edirik ki, aprelin 2-dən quru sərhədlərimiz açılar, o vaxta qədər də Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayar və bu, ümumi turizmin inkişafına ciddi köməklik edər”.
Bayram günlərində restoranların qiymətindən söz açan turizmçi onu da vurğulayıb ki, Yeni ildə qiymətlərdə artım olacaq:
“Bunu həm mərkəz restoranları, həm də bu işlə məşğul olan brend restoranlar edirlər. Qiymətlər, əsasən, paket olaraq, yəni Yeni il gecəsində hansı müğənnilərin iştirak etməsinə görə 150 manatla 500 manat arasında dəyişir. Bunu da xarici müştərilər öz büdcələrinə görə müəyyən edirlər. Bu məsələ ilə bağlı əsas xoş xəbər odur ki, artıq azad edilmiş ərazilərə xarici turistlərin səfərləri həyata keçiriləcək. Fikrimcə irəli vaxtlarda həmin xarici turistlər müəyyən edilmiş nöqtələrə səfər edəcəklər”.