Azərbaycandakı bu restoran və şadlıq sarayları cərimələnəcək

 Azərbaycandakı bu restoran və şadlıq sarayları cərimələnəcək

Günümüzün əsas problemlərindən biri ekoloji mühitin çirklənməsidir. Çirkli hava şəraiti bir çox xəstəliklərin yaranmasına səbəb olur. Müvafiq qurumlar tərəfindən ekoloji problemə qarşı bir sıra addımlar atılsa da, birmənalı olaraq nəticənin effektiv olduğunu söyləmək çətindir. Çünki atmosfer havasına atılan tullantılar və tüstülər havanın çirklənməsinə əngəl olan əsas amillərdən biridir. Bu fonda ölkə ərazisindəki ictimai-iaşə obyektlərinin, restoranların və şadlıq saraylarının fəaliyyəti də diqqət mərkəzindədir. Bəs görəsən, ekologiyanı çirkləndirən restoran və şadlıq saraylarına qarşı mübarizə tədbirləri hansı səviyyədədir?

Ekoloq Rövşən Abbasov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən atmosferə zərərli tullantılar atan şadlıq evləri və restoranlar mütəmadi olaraq cərimələnir. Çox təəssüflər olsun ki, bu cərimələr problemin tamamilə həll olunmasına kömək etmir:

"Yaxşı olardı ki, bütün ictimai iaşə müəssisələrində müntəzəm olaraq ekoloji nəzarət mexanizmi yaradılsın və bu müəssisələrin atmosferə atdıqları tullantıların miqdarı müəyyən olunsun. Hər bir şadlıq evi, restoran və biznes müəssisəsi üçün aylıq və ya illik çirklənmə kvotaları müəyyən edilsin. Beləliklə, artıq tullantılar üçün normal bazar mexnazimi yaradılsın. Yəni daha artıq tullantı atmaq istəyən müəssisələr buna görə əlavə ödəniş etsinlər" – ekoloq qeyd edib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən İqtisadiyyat.az-ın sorğusuna verilən məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlardan havaya normadan artıq tullantı atılması ilə bağlı restoranlarda mütəmadi monitorinqlər keçirilir. 

Qeyd edilib ki, bu gün ictimai-iaşə obyektlərinin əksəriyyətində havanın çirklənməsinin qarşısını alan qurğular quraşdırılıb. Lakin obyekt və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, təəssüf ki, bəzi ictimai-iaşə obyektlərində qurğulara vaxtaşırı xidmət göstərilmir, filtlər vaxtında dəyişdirilmir: "Bu səbəbdən havaya normadan artıq tullantı atılır ki, bununla bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən normativlərə uyğun fəaliyyət göstərməyən, təmizləyici qurğulara texniki xidmət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülür".

15:45 - 26 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin