Azərbaycanda bu sürücülər əlavə pul ödəməyəcəklər - Fevralın 1-dən...

 Azərbaycanda bu sürücülər əlavə pul ödəməyəcəklər - Fevralın 1-dən...

Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biri də qəzada iştirak edən nəqliyyat vasitələrinin köhnəlmiş, texniki-təhlükəsizlik baxımından yararsız olmasıdır.

Baku.ws-in məlumatına görə, yol hərəkətinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, eləcə də ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb.

Fevralın 1-dən qüvvəyə minəcək utilizasiya haqqının məbləği nə qədər olacağı maraqla gözlənilir. Artıq ekspertlər bununla bağlı ilkin fikilərini açıqlayıb və qiymətin 10-30 AZN arasında dəyişəcəyini bəyan edib. Məsələ ilə bağlı rəsmi münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, məbləğlə son sözü Nazirlər Kabineti deyəcək: 

"İlk növbədə qanunvericilik aktlarında, o cümlədən “İstehsalat və məişət tullantıları haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda, eləcə də İnzibati Xətalar və Gömrük məcəllələrində dəyişiklik edilib.

Utilizasiya proqramına əsasən, avtomobillərin utilizasiyası müqabilində güzəşt və birdəfəlik ödəniş nəqliyyat vasitələrinin utilizasiyası fondu hesabına həyata keçiriləcək. Bu məqsədlə, ölkə ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı bu fonda utilizasiya haqqı ödəniləcək.

Utilizasiya haqqının məbləği və ödənilmə dövriliyi Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək".

Qeyd edək ki utilizasiya haqqını yalnız minik avtomobillərinin sahibləri ödəyəcəklər. Yük maşınları, avtobus və digər qeyri-minik avtomobillərinə görə utilizasiya haqqının ödənilməsi nəzərdə tutulmur. 

14:30 - 26 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin