ƏDV-nin geri qaytarılan məbləği artırılır? - AÇIQLAMA

 ƏDV-nin geri qaytarılan məbləği artırılır? - AÇIQLAMA

2023-cü ilin yanvar-noyabr ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilmiş xidmətlərə görə ödənilmiş ƏDV-nin 140 milyon 288 min manatdan çoxu geri qaytarılıb. Hazırda ƏDV-nin geri qaytarılan hissəsi nağd ödənişlər üzrə 5 faiz, nağdsız ödənişlər üzrə isə 17,5 faiz təşkil edir. 

İqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov İqtisadiyyat.az-a açıqlamasında istehlakçılara qaytarılan ƏDV məbləğinin artırılma ehtimalından danışıb.

Onun sözlərinə görə, istehlakçılara geri qaytarılan vəsaitlərlə bağlı kampaniyanın davam etdirilməsi təqdirəlayiqdir: "Bu fonda vətəndaşlara qaytarılan ƏDV məbləğinin dərəcəsinin artırılması da məqsədəuyğundur. Bu məsələdə azalmalara, tədricən sərtləşmələrə getmək olmaz. Çünki istehlakçılara daha çox vəsaitin qaytarılması həm sosial nöqteyi-nəzərdən, həm də iqtisadi fəallıq cəhətdən müsbət təsirə malikdir. Onsuz da qaytarılan ƏDV məbləğinin yüksək hissəsi yenidən bazara qayıdır". 

İqtisadçı həmçinin bildirib ki, ƏDV ödəyiciləri üçün əlavə dəyər vergisinin (ƏDV) faizinin artırılması məqsədəuyğun deyil: "Əksinə ƏDV-nin azaldılmasına doğru addımların atılmasına ehtiyac var. Çünki iqtisadiyyatın real sektoru və işgüzar fəallıq təzyiq altında qalmamalıdır. Ölkədə iqtisadi fəallığı stimullaşdırmağa ehtiyac var. ƏDV xüsusən də texnoloji tutumlu sahələr üçün təzyiq yaradır. Ona görə də ƏDV-nin faiz göstəricilərinin artırılması doğru addım olmaz".

Qeyd edək ki, ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i müvəkkil bank tərəfindən istehlakçılara geri qaytarılır.

15:00 - 23 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin