"Uşaqpulu”, pensiya yaşı, sosial müavinətlərin artırılması və s. məsələlər gündəlikdədir və oradan çıxarılmayıb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov deyib.
Millət vəkili Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat həmkarı Qüdrət Həsənquliyevin 2024-cü ilin prezident seçkilərində təqdim etdiyi platformasındakı müddəalara münasibət bildirib.
Xatırladaq ki, BAXCP sədri platformasında pensiya yaşlarının aşağı düşəcəyini, “uşaqpulu”nun veriləcəyini, eləcə də sosial müavinətlərin artılacağını bildirib.
V.Əhmədov söyləyib ki, parlament üzvləri bu yaxınlarda 2024-cü ilin dövlət büdcəsini müzakirə edəndə bu məsələlərin hamısına toxunub:
“Geniş müzakirələr gedib və ayrı-ayrı nazirlər, strukturlar bizə bununla əlaqədar müəyyən məlumatlar verib, yəni biz bu məsələləri gündəlikdən çıxarmamışıq. Ona görə də Qüdrət Həsənquliyevin bu məsələləri gündəliyə gətirməsini normal qəbul edirəm”.
Hakim partiyanın seçki platformasında hansı təkliflərindən olacağından söz açan bitərəf namizəd əlavə edib ki, seçkilərin favoriti İlham Əliyevdir.
“Hakim partiyaya gəldikdə isə biz bilirik ki, bu seçkinin favoriti cənab Prezident İlham Əliyevdir. Bunu heç kim inkar edə bilməz və o qalib gələcək. Sözün düzü, BAXCP-nin platformasını görməmişəm, amma bunlar ola bilər. Çünki bizim əsas ağrılı yerimiz olan Qarabağ məsələsi həll olundu. Fikrimcə, prezident seçkilərindən sonra biz daha çox islahatlara gedəcəyik, eləcə də sosial sahədə müəyyən dönüşü gözləyirik. Çünki 2023-cü ildə biz çox ciddi qanunlar - Rəqabət Məcəlləsi, dövlət ehtiyatları haqqında, habelə qiymətləndirmə haqqında qanunlar qəbul etmişik. Bunların hamısı çox ciddi addımlardır və 2024-cü ildə fəaliyyətə başlayacaq. Sosial sahədə bu addımların atılmasını gözləyirəm”.