Qars-Naxçıvan dəmir yolu Orta Dəhlizin yeni bir qolu ola bilər

 Qars-Naxçıvan dəmir yolu Orta Dəhlizin yeni bir qolu ola bilər

Qars-Naxçıvan dəmir yolunun inşası planı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yeni bir qolunun yaranması kimi qiymətləndirilməlidir.

Asayis.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan -Turkiyə İnvestisiya Forumunda deyib.

O qeyd edib ki, Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək yol alternativ kimi bizim nəqliyyat sahəsində tərəfdaşlığımızı daha da möhkəmləndirəcək.

Nazir vurğulayıb ki, Azərbaycan Orta Dəhlizin şərqlə qərbi birləşdirən etibarlı ticarət marşrutu kimi önəm qazanmasında həlledici rol oynayıb: "Orta Dəhliz boyu ölkəmizdən keçən nəqliyyat dəhlizləri, Bakı Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr Azərbaycandan, Türkiyə vasitəsilə Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını formalaşdırır.

Azərbaycan bu çərçivədə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi, öz hesabına dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan infrastruktur layihələrinə investisiya yatırıb".

Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəa­liyyət Planı”na əsasən, növbəti üç il ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 % artırılaraq 10,7 milyon ton­dan 13,6 milyon tona çatdırılması nəzərdə tutulur.

Orta dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

13:15 - 22 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin