Azərbaycana qızılca ilə bağlı ilin sonunadək orta və yaşlı şəxslər üçün vaksinlər gətiriləcək. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, vaksinlərin gətirilməsini Səhiyyə Nazirliyi təşkil edəcək. İcraçı direktor həmçinin bildirib ki, hazırda ölkə epidemioloji durum stabildir.
TƏBİB rəhbəri qeyd edib ki, istər xəstəxanalar, istərsə də tibb müəssisələri prosesə tam hazırdır: “Həm regionlarda, həm də Bakıda fəaliyyət göstərən infeksion, reanimasiya şöbələri tam hazır vəziyyətdədir. Çarpayı fondu xəstə sayına uyğun artırıla və ya azaldıla bilər. Ümumilikdə, epidemioloji durumla əlaqəli hər hansı çətinlik və problem yoxdur. Vətəndaşlarımız qorxmasınlar, qızılca ilə əlaqəli uşaq və yaşlı əhalidə hər hansı simptom müşahidə edilərsə, dərhal xəstəxana və ya digər tibb müəssisələrinə müraciət edə bilərlər. Çünki bəzən evdə düzgün aparılmayan müalicə effektsiz ola bilər. Pasiyentlərin müalicəsi yüksək ixtisaslı peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək ki, heç bir fəsad, yaxud ölüm halı olmasın”. Rəsmi məlumatlarda epidemiyanın olmadığı deyilir, bununla belə, vaksin gətirilir, həm də orta və yaşlı adamlar üçün. Bir gün öncə Lənkəranda qızılca xəstəliyindən ölüm halı qeydə alınıb. Şirinsu qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abaszadədə bir həftə bundan əvvəl yüksək hərarət yaranıb. Ailənin gördüyü tədbirlər zamanı uşaqda hərarət aşağı düşüb, qızartılar çəkilib. Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili yardım çağırılıb. Babası mediaya açıqlamasında deyib ki, təcili yardım uşağı aparmaq istəsə də, icazə verməyiblər. Təcili yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də, onu xilas etmək mümkün olmayıb. Ötən həftə isə iki uşaq qızılca virusundan vəfat edib. Onlardan biri Şirvanda 12 yaşlı Ömər Kürdoğlu Şahbazzadə infeksiyanın ağır fəsadları nəticəsində dünyasını dəyişib. O, indiyədək qızılcadan vəfat etmiş uşaqlar arasında yaşca ən böyüyüdür. Digəri, Şəmkirdə 4 yaşlı oğlan uşağı qızılca xəstəliyindən ölüb. 2019-cu il təvəllüdlü Şəmkir rayon sakini H.Allahyarov qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb. Bu, son bir ayda qızılca xəstəliyindən səkkizinci uşaq ölümü sayılır.
İnfeksionist-hepatoloq Mərdan Əliyev dedi ki, Azərbaycana gətirilən peyvəndlər adətən Hindistan istehsallıdır: “Dövlətlərarası müqaviləyə əsasən, peyvəndlərin əksər hissəsi Hindistandan gətirilir. Uşaqlara vurulan peyvəndlər də odur, Avropa istehsalı olan peyvəndlər də var. Amma bunlar daha çox özəl klinikalarda vurulur və qiyməti bahadır. Qızılca ilə bağlı peyvənd uşaqların rutin peyvəndinə daxildir, bir və altı yaşında vurulur. Tək üçvalentli peyvənddir. Tərkibində qızılca, parotit, məxmərək peyvəndi var. Koronavirusda olduğu kimi deyil. Bu, canlı peyvənddir. Vurulmasına müəyyən əks-göstərişlər də var. Misal üçün, immun sistemi zəif şəxslərə, hamilələrə canlı olduğu üçün vurmaq olmaz. Vuranda xəstəlik yaratma ehtimalı var, ona görə bu peyvəndlərdə daha çox əks-göstərişlər var. Amma Hindistan peyvəndləri özünü doğruldub. Ümumiyyətlə, Hindistanın dərman sənayesi yaxşı inkişaf edib. Amma indi gətirilən peyvənd haqqında ətraflı bilgiyə malik deyiləm. Çox güman ki, Hindistan peyvəndi olacaq. Çünki bütün dünyaya bu ölkənin peyvəndi ixrac olunur”.
Həkim “valideynlər arasında belə bir fikir formalaşıb ki, qızılcaya yoluxubsa, bu müalicə olunmamalıdır. Uşaqlar xəstəliyin hansı səviyyəsində mütləq xəstəxanaya aparmalıdır” sualına belə cavab verib: “Müalicəsi yoxdur deyə xəstəxanaya aparmıram demək, qətiyyən düzgün yanaşma deyil. Düzdür, spesifik müalicəsi yoxdur. Amma o demək deyil ki, ağırlaşanda simptomatik müalicə olunur. Ehtiyac ola bilər, antibiotik vurular. Misal üçün, ikinci infeksiya qoşula bilir, pnevmoniya yaranar, bakterial infeksiya nəticəsində. Burada antibiotikə başlamaq mütləqdir. Yaxud da uşağın qızdırması çox yüksək ola bilər. 40 dərəcədən yuxarı hərarət, artıq simptomun özünün ağırlaşması ola bilər. Bu zaman sistem köçürmək və qızdırmanı salmaq lazımdır. Digər dərmanların da vurulmasına ehtiyac ola bilər. Təbii ki, uşaqlarda xəstəlik varsa, ağırlaşma müşahidə edilirsə, həkimə mütləq aparmaq lazımdır. Qızılca adətən qızdırma ilə başlayır, daha çox gözlərdə qızartı, konyunktivit əmələ gəlir. Bir-iki gün sonra isə səpkilər başlayır. Səpkilər də mərhələli şəkildə yaranır, yuxarıdan başlayaraq aşağıya doğru çoxalır. Səpkilər ilk qulaq arxasında, üzdə, sonra boyun, sinə, yuxarı və aşağı ətraflarda ləkə formasında olur. Bununla valideynlər qızılcanı ayırd edə bilərlər. Qızılcaya yoluxan uşaqlarda ağırlaşma yoxdursa, xəstəxana şəraitində müalicəsinə ehtiyac olmur. Amma soyuğa verməmək şərtilə, uşağı istirahət rejiminə keçirmək, bol maye vermək lazımdır. Qidalanmada da yağlı xörəklərdən uzaq olmaq lazımdır. Daha çox meyvə, tərəvəz, bitki tərkibli yemək tövsiyə olunur. A vitamini çatışmazlığında da qızılca ağır keçir. Ona görə uşaqları A vitamini ilə təmin etmək lazımdır”.
Pediatr Vaqif Qarayev də son günlər qızılcadan ölümlərin artması ilə bağlı narahatlığını ifadə edib: “Lənkəranda qızılcadan ölən 3 yaşlı uşağın babası "Bir həftə idi xəstələnmişdi. Vəziyyəti bir az yaxşı idi. Amma qəfil pisləşdi. Təcili Yardım gəldi və xəstəxanaya aparmaq istədi, biz imtina elədik" deyib. Niyə, ay baba? Niyə də niyə? Əslində mən “vəziyyəti yaxşılaşmışdı” sözünə də inanmıram. Peyvənd istəmirsiniz, əcəb edirsiniz. Haqqınızdır. Amma xəstə uşağı vaxtında həkimə çatdırmaq lazımdır ki, ölməsin. Artıq neçənci oxşar hadisədir. Necə olur ki, adi anginada həkim axtarırsınız, amma qızılcada həkimdən qorxursunuz??? Təşviş yaratmayın deyənlərə səslənirəm. Peyvənddən imtina üçün təbliğat aparanlara da aiddir. Bəlkə “xəstə uşağı mütləq həkimə çatdırın” çağırışı edərlər".
Epidemioloq Nigar Mütəlibova qızılca xəstəliyi barədə danışıb: “İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir. Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayıla bilər. Qızılca zamanı ağırlaşmalar xəstəliyin istənilən dövründə baş verə bilər. Onlar əsas etibarilə ikincili infeksiyanın qoşulması ilə bağlıdır. Fəsadlaşma tənəffüs yollarının iltihabi ilə (bronxit, pnevmoniya), orta qulağın iltihabı (otit), baş beyin və onurğa beyin qişasının iltihabı ilə (meningit, ensefalit, meninqoensefalit) təzahür edir. Əvvəlcə qızılca ilə yoluxan şəxslər səpgi göründükdən sonra 5 günə qədər təcrid olunurlar. Ağırlaşmalar olarsa, təcrid edilmə 10 günə qədər uzanır. Xəstə ilə təmasda olan şəxslərə, xəstəliyə yoluxmamış uşaqlara qamma-qlobulin vurulur (passiv immunizasiya). Adətən ocaqda dezinfeksiya tədbirləri aparılmır. Mütəmadi olaraq gündəlik təmizləmə işləri aparılır və otaq havalandırılır. Qızılcanın profilaktikası kompleks tədbirlərin aparılmasından ibarətdir. Uşaq müəssisələrində qızılcanın yayılmasının qarşısının alınmasında mühüm tədbir erkən diaqnostika və xəstənin vaxtında təcrid olunmasıdır”. (Musavat.com)