2024-cü ildən bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur.
Asayis.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib. Onun sözlərinə görə 2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub: “Bu il də oxşar addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir”.
Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında deyib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrinin rasionallaşdırılması nəzərdə tutulur:
“Eyni ərazidə elə məktəblər var ki, orada şagird sayı azdır. Ola bilər ki, bir kənddə yerləşən bir neçə məktəbdə şagird sayı kəskin azalıb, eyni ərazidə yerləşdiyi üçün həmin məktəblərin birləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda tam orta təhsili təmin etmək üçün ümumi orta məktəblərin tam orta təhsil məktəblərinə çevrilməsi də həmin ərazidə olan ehtiyacdan irəli gəlir. Əsas məsələ hər bir təhsil alanın yaşadığı ərazidə tam orta təhsil alması üçün müvafiq şəraitin yaradılmasıdır. Bu kimi addımlar atılarkən ilk növbədə məktəbin yerləşdiyi ərazi və tələbat öyrənilir və bundan sonra müvafiq qərar qəbul edilir. Bəzi məktəblərin ümumi ortadan tam ortaya keçirilməsi ilə bağlı Nazirlər Kabinetinə təkliflər göndərilir.
İslahatlar davam edir. Düşünürəm ki, əhalinin sıx olduğu yerlərdə yeni məktəblərin tikintisi ilə yanaşı şagird sayının kəskin azaldığı və birdən çox məktəbə ehtiyac duyulmayan yerlərdə məktəblərin birləşdirilməsi normal haldır”.