Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə bağlığı ilə tanınan məşhur "Duty Free.az" şirkətinin qanuni təmsilçisi Aslanov Cavid Aqil oğlu bu MMC-nin tabeçiliyində yeni şirkət təsis edib.
Qaynarinfo-nun məlumatına görə, Cavid Aslanovun yeni təsis etdiyi şirkət "Duty Free.az İnternational" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 150D, mənzi 2078-də yerləşən şirkətin nizamnamə kapitalı 10 manatdır. Ehtimal edilir ki, yeni yaradılan şirkət Azərbaycanda və xaricdə onlayn alış-veriş xidmətləri də göstərəcək. Dolayı yolla şirkət karqo xidmətləri yerinə yetirəcək.
Qeyd edək ki, "Duty Free.az" şirkəti təyyarə bortunda və hava limanlarında rüsumsuz ticarət sistemidir. Xidmətin əsas aparıcı şəxslərindən biri polkovnik Teymurov Arazxan Əbülfət oğlu olduğu deyilir. O, sabiq sədrlərin dövründə yaxın qohum-əqrabasını gömrük orqanlarında müxtəlif vəzifələrdə yerləşdirməklə bu biznesi özəlləşdirə bilib. Son bir il ərzində şirkətdə yoxlamalar aparılsa da, nəticələri barədə məlumat verilməyib.
Onu da bildirək ki, Azərbaycanda ən məşhur karqo şirkətlərinə Səfər Mehdiyev rəhbərlik edib. Səfər Mehdiyev tərəfindən yaradılmış şirkətlərdən biri "Vadi-4” MMC-dir. Bu şirkət gömrükdə xüsusi imtiyazlara sahib olub.
"Vadi-4" karqo daşımaçılıq şirkətidir. Bu karqo şirkəti məhsulları daha sürətlə gömrükdən keçirə bilib.