“Keçmiş arvadımı boğmağa çalışdım” - AİLƏ MÜNAQİŞƏSİ

 “Keçmiş arvadımı boğmağa çalışdım” - AİLƏ MÜNAQİŞƏSİ

Göyçay rayonunda 1990-cı il təvəllüdlü Məmməd keçmiş həyat yoldaşı Məsməyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin  avqustun 20-də Göyçay rayonunun kəndlərindən birində baş verib. Məmməd həmin gün saat 21.30-da keçmiş arvadı Məsmə ilə mübahisə edib. Mübahisə zamanı o, keçmiş arvadını ağız nahiyəsindən bir dəfə əli ilə vurub və daha sonra əlləri ilə onun boğazından tutaraq boğmaq istəyib. 

Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Məsmə onun keçmiş həyat yoldaşıdır: “Birgə nikahımızdan iki övladımız var. Hadisədən əvvəl, günorta saatlarında Məsmə ilə dəfələrlə əlaqə yaratmaq istəsəm də, nömrəm onun tərəfindən qara siyahıya salındığı üçün alınmadı. Saat 18 radələrində Məsməyə yenidən zəng vurdum. Məsmə zəngimə cavab verdikdə ondan soruşdum ki, niyə nömrəmi qara siyahıya atıbsan, gün ərzində harada olubsan. Məsmə isə mənə cavab olaraq “sənin nəyinə lazım mən harda olmuşam, hara gedərəm özüm bilərəm” cavabını verdi və telefon danışığını kəsərək telefonunu söndürdü. Həmin tarixdə saat 21.30-da övladlarımı görmək üçün Məsmənin evinə getdim. Həmin vaxt Məsmədən yenidən “gün ərzində hara getməsini və niyə mənə bu barədə heç bir məlumat vermədiyini” soruşdum. Məsmə isə yenə də “sənin nəyinə lazım mən hara gedirəm” cavabı verdi. Sərxoş vəziyyətdə olduğum üçün əsəbiləşdim. Məsmənin üzərinə gedərək onun ağız nahiyəsindən bir dəfə qəsdən sol əlimin üst nahiyəsi ilə vurdum. Daha sonra əllərim ilə onun boğazından tutaraq boğmağa çalışdım. Boğmaqda Məsməni öldürmək məqsədim olmayıb. Münaqişə 2 dəqiqəyə yaxın davam etdi. Münaqişə zamanı səs- küy yaranmadı”.

Bu cinayət işinə Göyçay Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Məmmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 


Demokrat.az

12:15 - 15 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin