Biz kim üçün ölürük !? -KÖŞƏ

 Biz kim üçün ölürük !? -KÖŞƏ

Salam ölkəm, millətim, qeyrətim…
Bu məktubu 30 illik həsrətin özündən, müstəqil dövlətimizin sərhədləri daxilinə qatılmaq üçün can atan, imperialist güclərin bölüb düşmənə pay etmək istədiyi gözəl Qarabağdan yazıram. 

 

Yayın ilk günlərini yaşayırıq. Amma bizim xidmət etdiyimiz vətən sərhədlərinin 0-cı nöqtəsindəki dağ zirvələrinin başı qarlıdır. Yanımda Bakıdan, Gəncədən, Şəkidən, Astaradan bütün rayonlardan biri-birini tanımayam, amma silahdaşları üçün ölümü gözə alan, bu amal uğrunda and içən vətən fədailəri var. 

Bir azdan bəlkə əməliyyata, bəlkə də mənfurların fitnələrinin qarşısını almağa gedəcəyik. Tək amalımız cavablarını verib itkisiz, çiyin-çiyinə geri dönməkdir…
Şəhid olacağını qəbullanıb, məktub yazmaq çox çətindir. Yaşamaq istəyi bəzən ölümü belə düşünməyi beyindən silər. Amma biz hər an ölümlə üz-üzəyik. Acı da olsa, qəbullanmışıq. Hətta şəhid olacağımız təqdirdə, biri-birimizə vəsiyət də etmişik…
Əslində bu barmaqlar da qələm tutmağa alışıq deyil. Xəttim də eybəcərdir. Məlum, bu əllər tətiyə öyrəşib…

Təəccüblüsü bilirsiz nədir? Biz necə öləcəyimizi də bilmirik. Bildiyimiz bircə gerçək var - Vətənimizi,millətimizi, ailəmizi qorumaq…

Bəzən olur radio dinləyib, televizora baxırıq. Hər dəfə kiminsə öldürdüldüyünü, döyüldüyünü görür, eşidirik. Məsələn - Qısqanc ər arvadını öldürdü, pula görə gənc oğlan tanışını bıçaqladı. Narkotikə görə mağaza, obyekt qarət edildi və s. və i.a…

İndi sual verirəm sizə. Mən və mənim kimi  formasını kəfən bilən bu igidlər kim üçün ölür???

Sevgilisinə görə zorbalıq göstərən, səninləyəm! Biz bir şəkillə, bir zənglə təsəlli tapırıq. 
Ata-dayı hesabına “inomarka”da şellənən oğlanlar, biz burda sıldırımlarda gəzirik. Harınlayıb gündə birinin namusuna ilişən “yaratıq” , sən kef məclisində istədiyini israfla yediyində, biz həyatda qalmaq üçün dağda əlimizə keçən hər şeyi yedik…

İndi sual verirəm, biz kimin üçün ölürük?
Vətən üçün? Millət üçün? 

Bəs, bu vətən, bu millət sənin də deyilmi???


Vicdanını, namusunu, şərəfini vətən bilən bütün hərbçi qardaşları təbrik edirəm! ///Ruslan Eldaroğlu

13:20 - 26 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin