Kürdəmir rayonunda 1983-cü il təvəllüdlü Pərviz münaqişə zəminində anası Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumata görə, hadisə Kürdəmir rayonunun kəndlərindən birində baş verib.
Pərviz yaşadığı evin həyətində, sərxoş vəziyyətdə anası Sevil ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Pərviz stolun üstündə olan şüşə stəkanı götürüb və anasının üz nahiyəsindən qəsdən bir dəfə vurub.
Hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, əvvəl narkoloji dispansperdə müalicə alıb:
“1 ildən çoxdur ki, heç bir narkotik vasitədən istifadə etmirəm. Lakin 5-6 aydır mütəmadi olaraq spirtli içki qəbul etməyə başlamışam. Buna görə də yaşadığım evdə bir neçə dəfə ailə üzvlərim ilə sözlə mübahisəm olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə baş verən günü, saat 23 radələrində yaşadığı evdə spirtli içki qəbul edib:
“Sərxoş olduğuma görə həyətdə stolun arxasında anam ilə mübahisə etməyə başladım. Mübahisə zamanı əsəbləşdiyimə görə stolun üstündə olan stəkanı götürərək anam tərəfə atdımr. Həmin stəkan anamın burun hissəsinə dəydi və anamın burunundan qan gəlməyə başladı. Anamın səs-küyünə qardaşım, arvadım və atam həyətə düşdü. Etdiyim əməldən peşman olaraq həyətdən getdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sevilin sözlərinə görə, onunla oğlu Pərvizin arasında narazılıq var:
“Pərviz mütamadi olaraq spirtli içkilər qəbul edib. Bu səbəbdən də evdə mübahisələr edib. Məni söyüb təhqir edib. Hadisə günü, saat 23 radələrində evdə olan zaman oğlum evə gəldi. Heç bir səbəb olmadan mənimlə mübahisə etməyə başladı. Həyətdə söhbət edən zaman oğlum mənə guya pozğunçuluqla məşğul olduğumu dedi. Bu zaman Pəırviz həyətdə olan stolun üstündən stəkanı götürərək sifətimə qəsdən vurdu və stəkan sındı”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra səsə evdə olan həyat yoldaşı, digər oğlu və gəlini gələrək ona yardım göstəriblər:
“Həmin vaxt Pərviz evdən qaçaraq getdi. Sınmış stəkanı həyətdən yığıb zibil qutusuna atdım. Sonra həyat yoldaşımla birlikdə xəstəxanaya gəldim və həkimlər yardım göstərdilər. Sonra ərizə ilə Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etdim”.
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Pərviz 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonunun kəndində yerləşən fərdi yaşayış evini gecə saat 22.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulub.
Təqsirləndirilən şəxsin üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.
Demokrat.az