36 yaşlı kişi sosial ev almaq istəyən tanışına dələduzluq etdi - MƏHKƏMƏ

 36 yaşlı kişi sosial ev almaq istəyən tanışına dələduzluq etdi - MƏHKƏMƏ

Bakının Xətai rayonunda 1987-ci il təvəllüdlü Rövşən Rüstəmov tanışı Camal adlı şəxsə qarşı dələduzluq edib. 

Asayis.Az-ın məlumatına görə, Zərdab rayon sakini Rövşən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Camala Bakı şəhərində tikilən, sosial şərtlərlə əhaliyə verilən mənzil alınmasına köməklik edə biləcəyini bildirib.

Onun etibarından sui-istifadə etməklə yalan vəd verib. O, aldatmla yolu ilə Camalın ümumilikdə 900  manatını ələ keçirib. 

Rövşənin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Camalı Hünər adlı şəxs vasitəsi ilə tanıyıb: “2021-ci ilin noyabrında Camal aylıq az məbləğdə ödəniş verərək ev almaq istəməsini bildirdi. Mən Camala "Hovsan" qəsəbəsində tikiləcək sosial evlərin alınmasında köməklik göstərə biləcəyimi dedim. Bundan sonra onunla bir neçə dəfə telefonla əlaqə saxladım və evin alınması ilə əlaqədar 1000 manat lazım olmasını dedim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ilin noyabrın əvvəlində Camala "Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə adına olan kartını göndərib və həmin karta pul köçürməsini deyib: “Təxminən noyabrın əvvəlində Camal mənim kart hesabıma 100 manat göndərdi və qalan məbləği hissə-hissə atacağını bildirdi. Mən isə evlərin satılmasını deyərək tez bir zamanda pulu tamamlamasını qeyd etdim. Bundan sonra ardıcıl olaraq Camal kart hesabıma pullar köçürməsi etdi. Camala bundan sonra gözləməsini və sənədləşmə işlərinin getməsini bildirdim. Camal mənimlə əlaqə saxladıqda ona sənədləşmə işləri aparılmasını, biraz gözləməli olmasını dedim. Daha sonra isə müxtəlif bəhanələrlə müddəti uzatdım. Bir neçə ay keçdikdən sonra isə ümumiyyətlə Camalın zənglərinə cavab vermədim”. 

Təqsirləndirilən şəxs deyib ki, 2022-ci ilin yanvarında Camalın onun barəsində polis orqanına müraciət etməsini bildiyi üçün onunla əlaqə saxlayaraq pulunu qaytaracağını deyib: “Lakin həmin məbləği şəxsi istifadəm üçün xərclədiyimə görə ona hissə-hissə olmaqla 1-2 ay ərzində 900 manat pulu qaytardım. Camalda aldığım pulları öz şəxsi istifadəm üçün xərcləmişəm. Beləliklə  əməlimdən peşmançılıq çəkmişəm”.

Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə 5 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron
rayonu və Sumqayıt şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi tapşırılıb. 

Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilib.
Demokrat.az

13:45 - 13 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin