"İşğaldan azad edilmiş ərazilərdə kifayət qədər yer adları var ki, gələcəkdə onlara baxılıb dəyişdiriləcək”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
“Həmin ərazilərin əvvəlki adlarına qayıtması lazımdır. Kəlbəcərin Zardaxaç və Tərtər rayonunun Qasapet kəndlərinin adları illə bağlı keçən komitə iclasında məsələ qaldırıldı. Bir çox yer adları, eynilə Hadrutun adının dəyişdirilməsi də gündəmdə ola bilər. Toponimiya Komissiyası və Dilçilik İnstitutu bununla bağlı əsaslı arayışlar təqdim etməlidir. Həmin adların tarixi kökü, haradan gəlir və s. Ondan sonra cənab Prezident qanunvericilik təşəbbüsü ilə Milli Məclisə müraciət edir. Daha sonra məsələyə bizim komitədə baxılır, plenar iclasa tövsiyə olunur”.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin Toponimiya komissiyasının sədri İsa Həbibbəyli bölgədə yaranmış yeni reallıqlar çərçivəsində işğaldan azad olunmuş ərazilərdə bir çox yer adlarının dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxıldığını və müvafiq qərarların qəbul edildiyini söyləyib.
Xatırladaq ki, işğaldan azad edilmiş iki kəndə 2020-ci ildə yeni ad verilib. Belə ki, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı adlandırılıb.
Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi isə Hünərli adlandırılıb.