“Cərimələr elə olmalıdır ki, piyada bir daha qayda pozmağa cəhd etməsin” - AÇIQLAMA

 “Cərimələr elə olmalıdır ki, piyada bir daha qayda pozmağa cəhd etməsin” - AÇIQLAMA

Bir neçə gün əvvəl paytaxtda 8 Noyabr prospektində avtomobil qəzası baş verdi. Yolu piyada keçidindən keçməyən vətəndaş sürətlə qarşıdan gələn avtomobilin zərbəsindən qurtula bilmədi, yerindəcə keçindi. Piyadalar yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsindən keçirlər, bu da qəzalara, ölümlərə səbəb olur. 

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, vətəndaşlar piyada keçidindən keçmədiyinə görə 20 manat, sürət həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yollarda isə 40 manat məbləğində inzibati qaydada cərimə olunurlar. O, Demokrat.az-a açıqlamasında deyib ki, qayda pozmayan sürücülər və piyadalar cərimələrin az olmasından narazıdırlar:



“Bəzi vətəndaşlar da bundan istifadə edərək səhlənkarlıq edirlər. Cərimələnmə halları da əvvəlki qədər kütləvi deyil. Düşünürəm ki, qaydalara əməl etməyən piyadalara qarşı ciddi mübarizə aparılmalıdır. Maarifləndirmə işləri də gücləndirilməli, piyadalar üçün infrastruktur yaxşılaşdırılmalıdır. Bunlar paralel şəkildə aparılsa, nəticə effektiv olar. Hüquqi bazaya bir daha nəzər yetirmək lazımdır, nəzarət mexanizmi olmalıdır. Düşünürəm ki, qanunda həqiqətən də boşluq var, cəzalar yüngüldür. Ona görə də piyadalar bundan sui-istifadə edirlər. Amma son zamanlar Yol Polisi bu məsələyə diqqətini artırıb. Uzun müddət cərimələrini ödəməyən piyadaların ünvanlarına məktub göndərilir, ərazi üzrə sahə müvəkkilləri, icra şöbələri artıq bu məsələ ilə məşğul olmağa başlayıblar. Elə məbləğdə cərimələr tətbiq olunmalıdır ki, qayda pozan piyada bir daha səhvini təkrarlamaq barədə düşünməsin”.

16:00 - 8 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin