Bu binalar zəlzələ üçün təhlükəlidir - AÇIQLAMA

 Bu binalar zəlzələ üçün təhlükəlidir - AÇIQLAMA

Dekabrın 7-də Azərbaycan ərazisində qeydə alınan zəlzələ səhər saatlarından etibarən vətəndaşlar arasında təşvişə səbəb olub. Bu kimi hallarda ən çox narahat olanlar isə xüsusilə çoxmərtəbəli bina sakinləri olur.

Bəs Azərbaycanda belə tikililər zəlzəyə nə qədər davamlıdır?

Əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev “Ölkə.Az”a yeni binaların zəlzələyə davamlığından danışıb:

“Azərbaycanda yeni tikilən binalarda sənədlərin verilməməsi, binalararası məsafənin qısa olması ilə bağlı problemlər ortaya çıxsa da, keyfiyyət məsələsində vəziyyət dəyişir. Belə ki, regionda ən keyfiyyətli tikinti işlərinin Azərbaycanda aparıldığını deyə bilərik. Çünki tikinti zamanı hər mərtəbə Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılır. Məsələn, Türkiyədə böyük tələfatların olmasının səbəbi binaların tikinti keyfiyyətlərinin olduqca aşağı – istifadə olunan armaturların sayının az, betonların keyfiyyətsiz olması idi. Lakin Azərbaycanda tikinti işləri keyfiyyətli aparılır”. 

Ekspertin sözlərinə görə, Bakıda qəzalı vəziyyətdə olan köhnə tikili binalar var: “Keçmiş yataqxanalar, keçən əsrin əvvəllərindən qalmış binalar var ki, onlar baxımsız vəziyyətdədir. Bu binalar aidiyyəti qurumlar tərəfindən “qəzalı” kimi qeydə alınıb. Təbii ki, bu binalar təhlükəlidir. Həm zəlzələ, həm də zəlzələ olmadığı vaxtlarda bu tikililərdə yaşamaq olmaz. Əgər zəlzələnin gücü bir az yüksək olarsa, həmin binalarda ciddi problem yaşana bilər”. 

E. Fərzəliyev deyir ki, binalarda keyfiyyət yaxşı olsa da, başqa problemlər var: “Türkiyəni yenə nümunə kimi göstərsək, insan itkisinin yüksək olmasının bir digər səbəbi binaların bir-birinə çox yaxın tikilməsi, toplanış meydançalarının olmaması idi. Binaların zirzəmiləri sığınacaq rolunu oynamalı, analoji hallar üçün burada istilik sistemi, sanitar qovşaqlar olmalıdır. Azərbaycanda elə binalar və fərdi yaşayış evlərindən ibarət massivlər var ki, burada tikililər çox yaxındır və zəlzələ və yanğın kimi hallarda dağıntı daha geniş ərazini əhatə edə bilər. Bu tikililərdə insanları evakuasiya etmək, ərazidən çıxarmaq problem yarada bilər”. 

“Parklar həm sığınacaq rolunu oynamalı, bu kimi hallarda toplanış yeri kimi salınmalıdı”, - deyə ekspert əlavə edib.

11:15 - 8 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin