İranlı iş adamının “killer” dəstəsinin sonuncu üzvü cəzalandırıldı - HÖKM

 İranlı iş adamının “killer” dəstəsinin sonuncu üzvü cəzalandırıldı - HÖKM

Azərbaycanda sifarişli qətl törətməkdə ittiham olunan Samir Kazımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Asayis.Az
 xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. 

Samir Kazımov 17 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, 30 mart 2017-ci ildə Abşeron rayonu Xırdalan şəhəri ərazisində Valeh Nəcəfovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən baş nahiyəsinə odlu silahdan açılan atəşlə qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri başlanaraq istintaqı aparılan cinayət işi üzrə axtarışda olan şəxslərdən biri tutularaq istintaqa cəlb edilib.

Belə ki, qeyd edilən cinayət əməlinin törədilməsində iştirak edən qrup üzvləri – İran İslam Respublikasının vətəndaşı Bəşir Qahramani, İlham Həsənov, Rəşad Qurbanov, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub, həmin təqsirləndirilən şəxslər barəsində cinayət işi 24 may 2019-cu ildə məhkəməyə göndərilməklə barələrində ittiham hökmü çıxarılıb.

Cinayət əməlinin törədilməsində təqsirli bilinən Azərbaycan vətəndaşı Samir Kazımov və İran İslam Respublikasının vətəndaşı Həsən Rəhbəriqaradağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və digər müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, istintaqdan qaçıb gizləndiklərindən 1 may 2017-ci il tarixdə barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində axtarışda olan təqsirləndirilən şəxs Samir Kazımov 12 may 2022-ci il tarixdə tutulub, 18 may 2022-ci ildə ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.2.1 və digər maddələri ilə ittiham elan edilib.

İttihama görə, iranlı iş adamı Bəşir Qəhrəmani şəriki Valeh Nəcəfovun qətlinin sifarişini verib. Bu sifarişi iranlı iş adamından İlham Həsənov, Miskin Qasımov, Rəşad Qurbanov alıb. Onlar bu cinayətin sifarişini dəstənin digər üzvlərinə veriblər.

İstintaq sənədlərinə görə, 2017-ci ilin martında Xırdalan şəhərinin 28-ci məhəlləsində çay evlərinin birinin qarşısında 47 yaşlı Nəcəfov Valeh Əzizağa oğlu baş nahiyəsindən güllə ilə vurularaq qətlə yetirilib, digər şəxs isə - 32 yaşlı Qəbələ rayon sakini Paşayev Xəyal Oqtay oğlu yaralı halda 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

İlkin müayinələr zamanı məlum olub ki, Xəyal Paşayev 3 güllə yarası alıb. Güllələrdən heç biri onun bədənində qalmayıb.

Güllələr onun qarın divarını, çiynini və sol qolunu deşərək keçib.
Atışma yerində dünyasının dəyişən şəxsin isə əlində “Makarov“ tipli tapança olub, həmçinin ərazidən 7-dən artıq giliz aşkar edilərək götürülüb.

Cinayət yerində rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları da olublar.

Xəyal Paşayev polis nəzarətində müalicə alandan sonra xəstəxanadan həbsxanaya köçürülüb.

İstintaq zamanı məlum olub ki, tanışı Xəyal Paşayevə Valeh Nəcəfovun İranlı şərikinə olan 30 min ABŞ dollar borcunu ödəmək istəmədiyini deyib və pulun alınmasında iranlı iş adamı Bəşir Qəhrəmaniyə köməklik göstərilməsini xahiş edib.

Xəyal Paşayev bir müddət Valeh Nəcəfovu izləyib.

Mart 29-u Xəyal Paşayev, Kənan Həsənov, Hilal Bayramov, Allahverdi Ruzpeykar Valehin yaşadığı evin qarşısına gəlib, onu Xəyal Paşayevə məxsus "Mersedes" markalı avtomobilə mindirib Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən kafelərdən birinə aparıblar.

Xəyal orada Valehə zərbələr endirib və hədə-qorxu ilə ondan iranlı şəriki Bəşir Qəhrəmaniyə olan borcunu ödəməsini tələb edib.

Daha sonra Valeh Nəcəfovu dəstə üzvü və Xəyal Paşayevin bacanağı olan Məhəmməd Əhmədova məxsus bağ evinə aparıblar. Orada onu soyunduraraq döyüblər.

Ailə üzvlərinə və yaxınlarına işgəncə verəcəklərini deyərək onu hədələyiblər. Hədə-qorxu və aldığı zərbələrdən sonra Valeh həyat yoldaşına məxsus qızılları borc əvəzinə verməyə razılaşıb.

Bundan sonra Valeh Nəcəfov yaşadığı evə gətirilib, 15000 dəyərində bir cüt briliyant qaşlı sırğa və qızıl üzük dəstini həyat yoldşından alaraq Xəyala verib.

Razılaşıblar ki, səhəri gün görüşüb borc mübahisəsini həll etsinlər.

Səhəri gün Xəyal Kənan Həsənova göstəriş verib ki, Valehlə onu Xırdalandakı kafelərdən birində gözləsin. 

Xəyal Paşayev özü isə dəstənin digər üzvləri ilə qızılı satmaq üçün müxtəlif şəxslərə təklif ediblər.

Lakin onları razı salan məbləğ deyilmədiyindən qızılları satmayıblar və kafedə olan Kənanla Valehin yanına gəliblər.

Burda dəstə üzvləri Valeh Nəcəfovu söyüb-döyüblər.

Bu zaman Valeh Nəcəfov özünü müdafiə üçün üzərində olan silahı çıxararaq atəş açıb.

İttihama görə, daha sonra dəstə üzvlərinin müdaxiləsi ilə silah Valeh Nəcəfovdan alınıb. Silahı əlinə götürən Xəyal Valeh Nəcəfova atəş açaraq onu qətlə yetirib. Atışma zamanı Xəyal Paşayev özü də 3 güllə yarası alıb.

Qonşusu təcili tibbi yardım çağırıb. Bundan sonra yaralı Xəyal Paşayev xəstəxanaya aparılıb.

Kənan Həsənov hadisədən bir gün sonra saxlanılıb. Saxlanılan zaman onun üzərindən narkotik maddə də aşkarlanıb. Keçirilən əməliyyat tədbirləri ilə Bilal Bayramov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədov tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı mütəşəkkil dəstənin üzvləri Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədova Cinayət Məcəlləsinin 11 maddəsi ilə ittiham elan edib.

Bu şəxslərin cinayət işi ayrıca icraatda araşdırılıb.

Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə cinayət məcəlləsinin 11 maddəsi ilə təqsirləndirilən Xəyal Paşayev 19 il, Kənan Həsənov 18 il, Bilal Bayramov 18 il, Allahverdi Ruszpeykar 13 il və Məhəmməd Əhmədov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Azərbaycanda adam oğurluğu, qətl sifariş verməkdə və digər ağır cinayətlərdə ittiham olunan İran vətəndaşı Bəşir Qəhrəmani, onun mütəşəkkil dəstəsinin üzvləri - İlham Həsənov, Miskin Qasımov, Rəşad Qurbanovun cinayət işi ayrıca icraatda araşdırılıb və məhkum olunublar.

15:00 - 7 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin