2024-cü ilin əvvəllərindən etibarən, 2014-cü il istehsalı olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılacaq.
Belə ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir.
Həmin qərarın 2-ci bəndinə əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılıb. Bu, 10 il müddətini əhatə etdiyinə görə növbəti illərdə də qərarın icrası həyata keçiriləcək. Ona görə də biz praktiki olaraq növbəti illərdə də Azərbaycana gətirilən avtomobillərin məhdudlaşma ilinin artacağını müşahidə edəcəyik.
Görəsən, köhnə maşınların ölkəyə gətirilməsinə qoyulan qadağa avtomobil bazarına necə təsir edəcək?
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qərar daxildə realizə olunan köhnə avtomobillərin qiymətində bahalaşmaya gətirib çıxaracaq.
Onun fikrincə, bu birtərəfli qərardır:
“Bu həmin istiqamətdə əvvəlki illərdə qəbul olunan qərarın davamıdır. 10 illik məhdudiyyət hər il yenilənəcək. Qadağa gələn il 2015-ci ildən əvvəlki avtomobillərə tətbiq olunacaq. Bu qəbul olunmuş qərarın implementasiyasıdır.
Keçən il bu addımın atılması fonunda bazarda köhnə avtomobillərin qiymətində bahalaşmanı müşahidə etdik. İli köhnə olan avtomobillərin ölkəyə buraxılmaması, öz növbəsində daxildə dövriyyədə olan həmin avtomobillərin qiymətinə təsir göstərir. Çünki ili yeni olan avtomobillər baha qiymətə gətirilir.
Əhalinin alıcılıq qabiliyyətini nəzərə alsaq, onların qiymətinin yüksək olması ilə insanların yeni avtomobil almaq imkanları da azalır. Belə olan halda, ölkə daxilindəki köhnə maşınların daha ucuz olduğunu nəzərə alsaq, qadağanın doğurduğu təsirlərdən onların da qiyməti bahalaşır”.
“Məqsəd avtomobil parkının yenilənməsidir”
Həmsöhbətimizə görə, belə bir qərar verilərkən, bəzi gömrük və aksiz vergiləri də azaldılmalı, proses müəyyən güzəştlərlə paralel aparılmalıdır:
“Qərarın verilməsində məqsəd ölkənin avtomobil parkının yenilənməsi, ekoloji standartlara cavab verən maşınların gətirilməsinə stimul yaratmaqdır. Burada müqayisəli məqam yoxdur. Amma bu fonda bəzi gömrük və aksiz vergiləri də azaldılmalıdır”.