Qubalı pəhləvan Əbdülhüseynov qardaşlar idman zalı açdı, dəstək olunmadı.
Heç bir təmənna güdmədən, uzun zaman Azərbaycanı Avropadan tutmuş, Amerikaya qədər hər yerdə tanıdan qubalı pəhləvan qardaşlar Qubada açdıqları idman zalına biganə münasibətdən narazıdılar. Asayis.Az xəbər verir ki, özünün facebook səhifəsində bir müddət əvvəl Qubada idman zalı açdıqlarını, lakin şəraitsizlikdən, sturkturun zəif olmasından dolayı artıq obyekti bağalamağa məcbur olduqlarını yazan pəhləvan Laçın Əbdülhüseynov diqqətsizliyə görə aidiyyəti qurumları qınayır. Pəhləvanımız paylaşımında yazır: "Əziz dostlar, Pəhləvan Əli idman klubundakı şəraitsizliklə bağlı paylaşım etmişdim, cavab verməkdən yorulmuşam, heç bir dəstək, kömək göstərilmədi. Ona görə də idman klubunu bağladım. Çünki, o cür şəraitsiz yerdə heç kəs məşq edə bilməz. İllərdir fəaliyyət göstərən klubumuz təmənnasız çox gəncləri pis vərdişlərdən uzaq tutmağı bacarıb. Mən düşünürəm ki, indiki bəzi qurumlar narkotikə yox demək yerinə, əksinə "hə" deyir. Böyük proqrama hazırlaşıram, inşallah nailiyyət əldə edim, bütün işimi-gücümü gənclərə sərf edəcəm ki, onları narkomaniyaya yox, sağlamlığa yönəldə bilək". Əslində, jurnalist bitərəf olmalıdır, amma bu məsələyə münasibət bildirməsəydim özümü heç vaxt bağışlamazdım. Baboş kimilərə, qısa yubka geyinən, səsindən başqa hər şeyi ortada olan "müğənni"yə ev bağışlanan, sponsorluq edilən cəmiyyətdə idman zalını yüngül formada təmir edib, ərsəyə gətirmək bu qədərmi müşkül məsələ oldu?. 10 milyonluq ölkədə bir mərd, qubalı pəhləvan qardaşlar kimi gəncləri, ölkənin sağlam gələcəyini düşünən bir imkanlı şəxs olmadı ki, çıxsın ortaya, desin ki, heç bir qurumun köməyi lazım deyil, al bu 10 min manatı get zalı təmir elətdir, klubun işi davam etsin. Aidiyyəti qurumlardan əlimizi üzmüşük, məlumdur ki, onlar maddi marağı olmayan yerə sərmayə qoymazlar. Ona görə ümid ölkəni sevən azsaylı insanlarımızadır. Gəlin, pəhləvanlarımızın işinin yarımçıq qalmamasına yardımcı olaq, dəstəyimizi əsirgəməyək. Axı, onlar da gənclərə dəstək olmağa çalışır.